“Heç şübhəsiz ki, bu, terror hadisəsidir. Çünki “Kalaşnikov” silahından istifadə edən terrorçu çox böyük bir qətliam həyata keçirmək istəyib. İran rejimi beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərini artıq yerinə yetirə bilmir”.
Bu sözləri resmixeber.az-a açıqlamasında tarix elmləri doktoru Telman Nüsrətoğlu deyib.
O, İranın daxili siyasətində sistematik xarakter alan bir etiraz dalğasının mövcudluğundan söz açıb:
“İran rejimi dəyişməyə və geridönməyə məhkumdur. Ancaq bunu etmək yerinə İran antitürk siyasətini davam etdirir. Öz demoqrafiyasına zidd siyasət yürüdür, çünki İran rəsmilərinin açıqlamalarından da məlum olduğu kimi, İran əhalisinin əhəmiyyətli bir hissəsi türklərdən ibarətdir. Min illərlə türk xanədanları İran adlanan dövləti idarə ediblər. Ancaq bu gün İran daxildəki türklərin haqlarını vermir. Bu gün ermənilərlə paralel İranın da türk düşməni olduğunu görürük. Bu, təbii ki, Cənubi Qafqazda Türkiyənin artan təsirinin, Azərbaycanın geosiyasi olaraq ciddi bir güc mərkəzi halına gəlməsinin İran tərəfindən həzm olunmadığını göstərir”.
Ekspert Azərbaycanın İsraillə münasibətlərinin də İranı narahat etdiyini vurğulayıb:
“Bizim İsraillə münasibətlərimiz müstəqil bir dövlət olaraq siyasi seçimimizdir. Azərbaycan istədiyi ölkədə istədiyi vaxt səfirlik aça bilər.
44 günlük Qarabağ müharibəsi göstərdi ki, İsrail Azərbaycanı daim dəstəklədi. 30 illik işğal dövründə Arazın o biri tərəfində məscidlərimiz darmadağın edilərkən, tövləyə çevrilərkən susan İran isə 44 günlük müharibə dövründə Azərbaycana meydan oxuma siyasətini izlədi. Araz boyunca hərbi təlimlər həyata keçirdi. Həmçinin İran rəsmilərinin açıqlamalarında da təhdidlər gördük.
Qafanda baş konsulluq binası açdılar. Türkiyə Prezidentinin iştirakı ilə Zəngilanda hava limanının açılışı edilərkən onlar suvağı qurumamış binada baş konsulluq açdılar. “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir”, – dedilər. Bu o deməkdir ki, İran yaranan geosiyasi reallıqları ya qəbul edə bilmir, ya da düzgün dəyərləndirə bilmir. Türkiyə və Azərbaycanın müştərək gücü artıq qlobal siyasətə təsir edəcək bir gücdür. Bunu İran nə qədər tez qəbul etsə, Cənubi Qafqazdakı reallıqlar o qədər İranın xeyrinə olacaq”.
Tarixçi hesab edir ki, terror hadisəsinin arxasında İranın rəsmi şəxslərinin anti-Azərbaycan ritorikası dayanır:
“İran Azərbaycanla düşmənçilik siyasətindən vaz keçməlidir. Azərbaycanın güclənməsi heç bir halda İrana təhdid deyil. Azərbaycan hər zaman sülhpərvər bir siyasət aparır. İran isə yanlış yolda israr edir. Bunun anormal nəticələri ortaya çıxacaq. İran diplomatik korpuslar gözündə etibarsız, təhlükəsizliyin təmin edilmədiyi bir ölkə imicinə qovuşur. Bu da yavaş-yavaş diplomatik korpusların İranı tərk etməsinə, tənhalaşmasına gətirib çıxara bilər. Biz Azərbaycan olaraq sülh diplomatiyamızı daim gündəmdə tuturuq. İstəyirik ki, regionda qalıcı bir birlik və sülh əməkdaşlığı olsun. İran da bura daxil olsun. Amma həm də bu terror hadisəsinə görə dünyanın aparıcı ölkələrinin İranı qınamasına, Tehran rejimini üzərinə düşən öhdəliyi icra etməyə çağırmasına çalışmalıyıq.
Azərbaycan hər yöndə fəaliyyətini bir az da intensivləşdirməlidir. Diplomatik korpuslarımızın qorunması, təhlükəsizliyimizin artırılması məsələsinə diqqət etməliyik”.
Tarixçi onu da bildirib ki, İranın vətəndaşları olan Azərbaycan türklərinə yönələn siyasətimizi çoxşaxəli bir şəkildə davam etdirməliyik:
“Oradakı soydaşlarımızı dəstəkləməliyik. Dəyişmə və geridönmə arzulayan bütün etnik xalqlara dəstək göstərməliyik ki, İran normallaşsın. İran sərhədləri boyunca torpaqlarımız işğaldan azad edildikdən sonra aldığımız təhlükəsizlik tədbirləri, narkotik ticarətinin önünə keçməyimiz də İrandakı rəsmi dairələri narahat edir.
Bu da anti-Azərbaycan ritorikasını gücləndirir. Ancaq bununla belə Azərbaycan güclənəcək və xaricdəki diplomatik korpuslarının mühafizəsini artıraraq öz milli hədəflərinə doğru yürüməyə davam edəcək. İran da getdikcə dünyada terrora dəstək verən, terrorla anılan rejim olaraq tanınacaq”.
Sayad Həsənli
www.RESMIXEBER.az