Azərbaycandakı banklar və bank olmayan kredit təşkilatları vətəndaşlara zaminsiz kreditlər təklif etsələr də, bu, müəyyən məbləğə qədər verilən kreditlərə aid olur.
Əksər hallarda kredit təşkilatları 5-10 min manatdan çox kredit götürmək istəyənlərdən təminat – adətən zamin tələb edirlər.
Bəs kreditə zaminlik hansı öhdəliklər yaradır? “resmixeber.az” bu məsələni iqtisadçı-ekspertlərlə müzakirə edib.
Onlardan biri Xalid Kərimli deyir ki, kiminsə kredit götürməsi üçün zamin duran şəxs üzərinə borcalanla birlikdə eyni öhdəliyi götürür:
“Kredit götürən şəxslə ona zamin duran şəxs eyni statusda olur. Vətəndaş borcu ödəyə bilmədiyi halda, borc zamindən tələb edilir. Bu səbəbdən zaminin gəlirləri borcalanla eyni qaydada yoxlanılır. Nadir hallarda banklar zaminlik üçün bir qədər yumşaq şərtlər qoyurlar”.
Onun sözlərinə görə, əgər kimsə zaminliyə razı olursa, bu öhdəlik onun mərkəzləşdirilmiş kredit reyestrindəki (MKR) tarixçəsinə də düşür:
“Zamin durduğunuz borc sizin kredit tarixçənizdə öhdəliyiniz kimi qeyd edilir və bir növ sizin kredit borcunuz olur. Bu zaman sizin kredit götürmək imkanlarınız nisbətən azalır. Çünki Azərbaycan Mərkəzi Bankı borcun gəlirə nisbətinə nəzarət edir. Həmin nisbət 70%-i keçməməlidir. Bu şərt zaminlərə də aiddir. Söhbət ondan getmir ki, zamin duran şəxs kredit götürə bilməz. Sadəcə zaminliyi olan şəxsə kredit veriləndə onun zamin durduğu borc da gəlirindən çıxılır və kredit qalan hissəyə uyğun – az məbləğdə verilir”.
X.Kərimli, həmçinin bildirir ki, bəzi banklar zamin tələb etsələr də, borcalandan həyatını sığortalamağı da tələb edirlər:
“Əslində qanunvericilikdə belə bir tələb yoxdur, sadəcə banklar bu tələbi qoyurlar ki, sabah borcalanın başına bir iş gəlsə – yəni vətəndaş vəfat etsə və yaxud əmək qabiliyyətini itirsə, borcu ilk növbədə sığorta şirkəti ödəsin. Borcalanın həyat sığortası olmadıqda isə, krediti zamin qaytarmalıdır”.
Digər iqtisadçı-ekspert Əkrəm Həsənov isə deyir ki, Azərbaycanda kredit borcuna zaminliyin qanunvericilikdə iki forması var:
“Bunlar subsidiar zaminlik (əlavə zaminlik) və birgə zaminlikdir. 1-cisi odur ki, borcalan krediti ödəyə bilmədiyi halda, bank onu məhkəməyə verməli, borcalanın qanunla borcu ödəyə bilməməsi təsdiqləndikdən sonra borcu zamindən tələb etməlidir. Birgə zaminlikdə isə bank ödənilməyən krediti birbaşa (dərhal) zamindən tələb edir. Zamin ödəniş edib, sonradan həmin məbləği borcalandan tələb edə bilər. Azərbaycanda banklar adətən birgə zaminlik forması ilə kredit ayırır və borc ödənilmədikdə həm zamindən, həm də borcalandan ödəniş tələb edir. Bütün bunlar zaminlik müqaviləsində göstərilməli, zamin öhdəliyi hansı şərtlərlə götürdüyünü bilməlidir”.
Onun sözlərinə görə də, borcalanın vəfat etməsi zamini öhdəlikdən azad etmir:
“Ola bilər ki, borcalan vəfat etdiyi zaman hansısa bir əmlakı olsun, o zaman kredit borcu həmin əmlakdan tutula bilər. Əgər vəfat edən şəxsin əmlakı vərəsələrinə keçirsə, bu halda onlar borcu ödəməlidirlər. Borcalanın əmlakı yoxdursa və yaxud kredit götürülən məbləği qarşılamırsa, bu halda ödəniş zamindən tələb olunur. Vətəndaşlar zamin olduqları zaman bu kimi halları nəzərə almalıdırlar”.
Ə.Həsənov həmçinin bildirir ki, Azərbaycanda yalnız 20-25 illik müddətə verilən ipoteka kreditlərində zaminə ehtiyac olmur:
“Bu kreditlərdə mütləq həyat sığortası tələb olunur. Bəzi hallarda borcalanlar həyatını sığortalamaq istəmədiyi üçün zamin vasitəsi ilə kredit götürmək istəyirlər. Buna razılaşan zaminlər ən azı kredit götürən şəxsdən həyat sığortasını tələb edə və riski azalda bilərlər. Bu halda borcalan şəxsin vəfat etməsi və yaxud əmək qabiliyyətini itirməsi hallarında sığorta şirkəti qalan ödənişi tamamlayır”
www.RESMIXEBER.az