“Seksual qısnamaya görə vətəndaş taksi şirkətindən təzminat ala bilər” – Hüquqşünasdan AÇIQLAMA + FOTO

Cəmiyyət

Taksi sürücüləri ilə bağlı narazılıq hər kəsə məlumdur. Sürücülərin sükan arxasında qeyri-etik hərəkətləri səngimək bilmir. Qadınlarla yaxınlıq etmək istəyən taksi sürücülərinin sayı artıb. Bu, son vaxtlar daha qabarıq şəkildə görünən bir problemə çevrilib. Taksi sürücüləri ilə bağlı bu cür faktları xanımlar ictimailəşdirib aidiyyəti orqanların diqqətinə çatdırırlar. Lakin sayı azalmaqdan günü-gündən artmaqdadır. Sürücülər sükan arxasında nəinki maşını, heç özlərini də idarə edə bilmirlər.

Bəs görəsən, taksi sürücüləri üçün hansı cəza tədbirləri tətbiq olunmalıdır?

Mövzu ilə bağlı resmixeber.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayevin sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan insanların pərakəndəliyi bu sahədə islahatların aparılmasının vacibliyindən xəbər verir:

“Son vaxtlar tez-tez rast gəldiyimiz hadisələrdir. Şəxs cinsi istismara, zorakılığa məruz qalıbsa, şəxsiyyəti təhqir edilibsə, bu, hüquqi cəhətdən qanun pozuntusu hesab olunur.

Bu gün insanlar təlimat almadan, hətta onlayn şəkildə fəaliyyətə başlayırlar. Onlar heç bir məsuliyyət daşımırlar. Sürücülərin məsuliyyətsizliyi avtomobilinin xarici və daxili görünüşündən, avtomobili idarəetmə tərzindən də bəlli olur. Avtomobilin içi pis gündə, əzik və ya sökükdürsə, belə bir insanların təbii ki, özünü aparmağında, davranışında hər zaman problem gözləmək mümkündür. Avtomobili darmadağın şəkildə idarə edən adamın davranışlarında neqativ halların olması gözləniləndir”.

Ekspert qeyd edib ki, islahatlar aparılmalıdır:

“Konkret bu sahə ilə fəaliyyət göstərən peşəkar şirkətlər olmalıdır. Və bunlar cəmiyyət qarşısında bir məsuliyyətə cəlb edilməlidirlər. Bununla yanaşı, nalayiq hərəkət edənlər məsuliyyətə cəlb olunmalıdırlar”.

Hüquqşünas Şəmsəddin Əliyev qeyd edib ki, taksi fəaliyyətinə nəzarət edən bir qurum olmalıdır:

“Taksi şirkətləri rəsmi dövlət qurumu deyillər. Bu səbəbdən də peşəkar olmayan şəxsləri işə götürürlər. Taksi sürücüləri kifayət qədər peşəkar olmalı, mədəniyyətli davranışı və əxlaqı ilə seçilməlidirlər. Təəssüf ki, əks hallar ilə qarşılaşırıq. Sürücü hər dəfə müştəriyə çıxanda şirkət onu təlimatlandırmalıdır.

Taksi sürücülərinin xanımlara qarşı biədəb davranması, nalayiq sözlər işlətməsi halları artıb. Kim necə istəyirsə, o şəkildə davranır. Bir adam 10 maşın almaqla özünə taksi şirkəti yarada bilməz. Bu səbəbdən narazılıq çoxdur”.

Ş.Əliyev əlavə edib ki, zərərçəkən xanımlar sürücülərə qarşı iddia qaldırıb, məhkəməyə verməlidirlər:

“Həmin sürücülərdən təzminat alınmalıdır. Sürücü mənəvi ziyanı qarşılamalıdır. Özbaşınalıq baş alıb, gedir. Hər yerindən qalxan taksi sürücüsü işləyir. Sürücülər narkoloji, psixoloji testlərdən keçməlidirlər.

Bir dəfə məlumat yayılmışdı ki, bir şirkətin sürücüləri narkotik maddələrin kuryeri kimi fəaliyyət göstərirlər. Xanımlara narkotik maddələri arıqlama həbi kimi satıblar. Ona görə, düşünürəm ki, taksilər Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməlidir. Onlar nəzarət edib, təlimat keçsinlər. Bəlkə o zaman bu problemlərə son qoyular”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir