Kamran Bayramov: “Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqeyini bir daha ortaya qoydu”

HƏRBİ

“Avropa Parlamentinin 18 yanvar tarixində qəbul edilmiş qətnaməsində reallıqlardan tamam uzaq, böhtan mahiyyətli bir sıra anti-Azərbaycan xarakterli bəndlər yer alıb. Müasir dövrdə demokratiya çətiri altında hələ də özünün imperialist siyasətini yürüdən bəzi aparıcı dövlətlərin, eləcə də müəyyən təşkilatların ikili standartları demokratik ideallara kölgə salır. Təəssüf ki, ölkəmizə qarşı qərəzli qətnamələrin üzə çıxması hallarına bundan əvvəllər də rast gəlmişik. Avropa Parlamentinin qəbul etdiyi qətnamə qeyri-obyektivliyi ilə xüsusilə seçilir. Qətnamədə Azərbaycanın guya Ermənistana hərbi təcavüz etməsi, Laçın yolunun guya blokadada olması kimi sərsəm iddialarla yanaşı, artıq tarixin zibilliyində itib-batmış “Madrid prinsipləri”nə istinadlar edilib”.

Bu fikirləri resmixeber.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib. 

Millət vəkili qeyd edib ki, Avropa Parlamenti üzvlərinə yaxşı bəllidir ki, Azərbaycanın onilliklərdir işğal altında qalan ərazilərində Ermənistan tərəfinin apardığı qeyri-qanuni fəaliyyət nəticəsində bütün tarixi, mədəni və dini irs tamamilə məhv edilib:

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanıldığı, yüzminlərlə azərbaycanlının etnik təmizləməyə məruz qaldığı, Azərbaycanın şəhər və kəndlərinin sistematik şəkildə yer üzündən silindiyi və sərvətlərinin talan edildiyi 30 il ərzində bu parlament yalnız susub. Erməni vəhşiliyi Azərbaycan tərəfindən beynəlxalq platformalarda, o cümlədən Avropa İttifaqı institutları qarşısında davamlı şəkildə qaldırılsa da, Avropa Parlamentinin üzvlərinin bu günədək bu məsələ ilə bağlı bir dənə də olsun bəyanat verməməsi ikili standartların bariz göstəricisidir”.

Deputat diqqətə çatdırıb ki, qərəzli qətnaməni imzalayanlar Avropa Parlamentindəki bəzi qrupların erməni lobbisinin və ermənipərəst qüvvələrin təsiri altında olduqlarını açıq aydın nümayiş etdirirlər:

“Bu gün Ermənistanda bəzi dairələr və onları dəstəkləyən qüvvələr revanşist planlar qurur, bir daha regionu fəlakət girdabına sürükləmək xəyalları ilə yaşayırlar. Sərhəddə təxribatlar törədilir, Laçın dəhlizi vasitəsilə yaraqlıların və hərbi təyinatlı yüklərin, o cümlədən narkotiklərin və minaların daşınması təşkil edilir. Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti məsuliyyət dairəsinə aid edilmiş ərazidə təbii sərvətlərin qanunsuz istismarı hələ də davam etdirilir. Azərbaycanın dövlət qurumları nümayəndələrinin və mütəxəssislərin monitorinq məqsədilə əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Laçın-Xankəndi yolunda dinc etiraz aksiyası bir aydan artıqdır davam edir. Avropa Parlamentinin qətnaməsində iddia edilənlərin əksinə olaraq Laçın dəhlizi Rusiya sülhməramlılarının daşıdığı humanitar yüklər, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin, eləcə də  Qarabağda yaşayan ermənilərin, həmçinin uşaqların və xəstələrin gediş-gəlişi üçün açıqdır. Qətnamədə göstərilən, guya Azərbaycanın Qarabağ ərazisinə təbii qaz verilməsinə əngəl olmasıyla bağlı  iddialar isə ağ yalandır”.

K.Bayramov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın üzləşdiyi mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının partlayışların qurbanına çevrilməsi, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən tam şəkildə çıxarılmaması, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun hələ də açılmaması  və  bütün bunların Avropa Parlamentinin yadına belə düşməməsi haqlı olaraq suallar  doğurur:

“Avropa Parlamenti unudur ki, onun üzvü olan ölkələrin bir çoxunun enerji təminatçısı məhz Azərbaycandır və bu ölkə qlobal enerji layihələrinin müəllifi kimi regionda əsas söz sahibidir. Xatırladaq ki, vaxtilə Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. Lakin, zaman,  Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacib olduğunu sübut etdi.

Azərbaycanofob, islamofob Avropa Parlamentinin anti-Azərbaycan mövqeyinə rəğmən, 2022-ci il 18 iyul tarixində Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Bakıya səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu və həmin ilin  17 dekabr tarixində Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq anlaşması imzalandı. Bu isə o deməkdir ki, Azərbaycana qarşı olan qüvvələrin apardığı qarayaxma həmlələrinə baxmayaraq, Azərbaycan və Avropa İttifaqı arasında qarşılıqlı  əməkdaşlıq davam edəcək”.

Sayad Həsənli

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir