“Cərimələrin tətbiqi KİV-dən sui-istifadənin yığışdırılması addımı kimi dəyərləndirilməlidir” – RƏY + FOTO

Cəmiyyət

“Yeni cərimələrin təklif edilməsi KİV-dən sui-istifadənin yığışdırılması üçün atılan addım kimi dəyərləndirilməlidir”.

Bunu “resmixeber.az”a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, jurnalistlərin və KİV-lərin yanlış yaydıqları, yaxud arqumental tərəfdən isbatlanmamış materiallar üzrə təkzib, həmçinin düzəliş verilməsi halları həm qanunvericiliklə, həm də jurnalistlərin etik davranışı kodeksi ilə tənzimlənən bir haldır:

“Yəni həm qanunvericilikdə, həm də peşə kodeksində jurnalistlər və ya KİV qurumları əsaslandırılmamış materiallara görə, qarşı tərəf tələb edərsə, təkzib və düzəlişlər verməlidirlər”.

O indiyə qədər bu məsələlərin daha çox etik kodekslə tənzimləndiyini, arxasında konkret hansısa cəzalandırma mexanizmi olmadığına görə sui-istifadə hallarının baş verdiyini deyib:

“Bəzi KİV-lər bəzən düzəlişləri, bəzənsə təkzibləri vermirdilər, bəzən isə təkzib versələr də, seçilən obyektlər, şəxslər və müəssisələr haqqında təkrar yanlışlara yol verirdilər.

Hesab edirəm ki, təkzib və düzəlişlərin verilməsi təkcə etik kodeksin tələbi olmayacaq, eyni zamanda, pozuntulara yol vermiş həm hüquqi, həm fiziki şəxslərin cərimələnməsi məsələsi qoyulacaq. Bu halın təsbit olunması jurnalistikadan və mediadan sui-istifadə hallarının aradan qaldırılmasına şərait yaradacaq”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliyə görə, Azərbaycanda media orqanları tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydasını pozanlar 1 500 manat cərimələnəcəklər. Dəyişikliyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” Qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə cərimə ediləcəklər.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir