Kubra Məhərrəmova yazır…
Sosial şəbəkələr dünyada daha intellektual, daha maraqlı hadisələrlə yadda qalsa da, bizdə çox təəssüf ki, can bazarına çevrildi.
Məsələn, “TikTok” sosial platforması. Heç kimə sirr deyil ki, “TikTok”un Azərbaycan seqmentini əsasən kişilərə öz “xüsusi xidmətlərini” təqdim edən qadınlar təşkil edir. Adamın üstündə Allah var, seksual azlıqlar da var aralarında. Sonra bizi gender bərabərsizliyində ittiham eləməsinlər deyə qeyd elədim.
Deməli nə idi? Biri canlı açırdı, soyunurdu, rəqs edirdi, nə oyun çıxarırdısa “müştərilər” ona pul atırdılar. Və ya dünənə kimi aşağı seqmentdə işləyən “xüsusi xidmətlərini” təqdim edən qadınlar bu gün “TikTok”un hesabına daha yüksək qonorara eyni işi həyata keçirirlər. Niyə? Çünki yüzminlərlə izləyicisi var. Canlıya çıxanda “şirlər” ona “şir” atır. Əslində bu bir “aşk hekayəsi”, sadəcə biz paxıllıq edirik, ürəyimiz götürmür bunların uğurunu.
İndi deyəcəksiniz ki, bunun çəkicə, mismara nə dəxli? Dəxli olan odur ki, əmək və əqli fəaliyyəti ancaq kişilərə “xüsusi xidmət”dən ibarət olan bir şəxsi BBC-nin canlı efirinə də çıxartsan, ABŞ-dən “şir” tutacaq.
Bu dəqiq və mübahisəolunmazdır.
Dünən isə “TikTok”un Azərbaycan seqmentində bir rekord yaşanıb. Canlıların birində 50 000 real izləyici olub. Birdən elə bilərsiniz ki, bu, NASA-nın (“National Aeronautics and Space Administration”, Milli Aeronavtika və Kosmos İdarəsi – red.) səhifəsi olub və ya hansısa alimin “qara materiya” barədə fikirlərinin təqdimatında baş verib, qətiyyən, narahatlığa əsas yoxdur. Canlı sosial şəbəkələrdə ağzı-üzü millət tərəfindən söyülən məşhurların birgə-kollektiv çıxdığı canlı yayım olub. Hələ bu canlı efirə 10 000 dollarlıq hədiyyə də atılıb.
İndi isə gəldik maraqlı məsələyə? Madam ki, ortada real 50 000 canlı baxış var, yəni 50 000 nəfər oturub telefonunda bu canlı yayımı izləyib, deməli “TikTok” televiziyanı silib yer üzündən. Mən inanmıram ki, bu gün hansısa televiziya kanalına eyni anda 50 000 nəfər baxsın. Varsa, göndərsinlər, biz də o statistikanı dərc edək.
İkincisi, madam ki, ortada 10 000 dollarlıq pul var, deməli bu 50 000-lik tamaşaçı, yetim-yesir deyil, cibində pulu var.
Əla, madam ki, burada real və asan əldə edilən pul-gəlir var, bəs bundan VERGİ orqanlarının xəbərləri varmı? Varsa hansı tədbirlər görülür? Ümid edirəm, nəsə açıqlama alarıq.
Allahıma and olsun ki, övladımın internetin rusdilli seqmentindən daha çox istifadə etdiyi üçün bu gün heç vaxt sevinmədiyim kimi sevindim. Nə yaxşı ki, “TikTok”un Azərbaycan seqmentindən xəbəri yoxdur. “Patı çəkən”, “vor v zakone”, “roşma-moşka” və s. kimi personajları tanımır.
Hə, indi azərbaycandillilər üstümə hücum çəkəcəklər ki, aha, bəs belə edirsiniz ki, “rusbaş” olurlar da!
Hə, mənim balam. Deməli Azərbaycan tarixinin çox qanlı-qadalı səhifələri olub, amma onların heç biri rusdilli – azərbaycandilli müharibələri kimi qanlı, amansız olmayıb. Bu müharibələr zamanı yüzlərlə sosial şəbəkə istifadəçiləri bir-birlərini ən ağır sözlərlə yaralayıb, “sən ermənisən, sən russan” sözləri ilə qətlə yetiriblər.
Çox əfsuslar olsun ki, bu münaqişə zaman-zaman yenidən alovlanaraq daha böyük qurbanlar tələb edib və insanlar tam azğınlığı ilə bu döyüşlərə atılıblar. Hər iki tərəfdən kifayət qədər qurban olsa da, bu münaqişə özünün sülh dövrünü hələ də tapmayıb.
Bu münaqişənin ən son amansız döyüşü isə Bəhram Bağırzadə, onun rusdilli tərəfdaşları və kənddən gələn azərbaycandilli istifadəçilər arasında yaşandı. Bu amansız döyüş artıq dörd gündür davam edir. Şiddətli döyüşlərdə bütün silahlardan istifadə olunur. Qarayaxma, təhqir, söyüş, bir-birini bıçaqlama həddinə çatmaq.
Amma heç kim əsas mövzuya qulaq vermədi. Çünki heç kimə sərf etmir qulaq vermək. Məsələ isə odur ki, mədəniyyətli, tərbiyəli, əxlaqlı olmalıyıq. Yox, əgər istəmirsinizsə, çox əla, girin “TikTok”a, soyunub rəqs edən “gözəllərə” baxın, kef edin. “Şir” atıb, “şir” tutun. “Pasan – masan” “razborka”sı edənləri izləyin. Belə çox xoşbəxt olun.
Amma xoşbəxt olanda bu gecə sellofan torbaya qoyulub küçəyə atılan, soyuqdan ölən körpəni də unutmayın. O körpə ki, onu düşmən yox, onun yaxınları öldürüblər. Sakitcə qoyub sellofan torbaya, atıblar zibil kimi küçəyə. İndi bir anlıq düşünək, bu nəyin nəticəsidir? Savadsızlıqmı? Yəni seksual münasibətdə olan adam bilmir ki, hamilə qalmaq kimi bir təbii hal var? Və ya hamilə qalan biri bilmir ki, tibbi vasitələr var? Yəni nə qədər kütdürlər? Axı bütün günü “TikTok”da, orada-burada bu sənətin bütün incəliklərini əldə etmək üçün ən parlaq “ulduzlardan” ustad-dərsi alırlar.
Deməli, nədirsə başqa şeydir. Öz doğma övladını amasızlıqla öldürən insan və ya insanlarla bir şəhərdə yaşamaq həqiqətən də dəhşətlidir. İndi deyəcəksiniz ki, dünyanın hər yerində belə hallar var. Bəli, əlbəttə var. O ölkələrdə ki, ancaq bir şəhərində bizim bütün ölkədə olan qədər əhali yaşayır. Onca milyonluq ölkədə bu qədər potensial cani varsa, nə edək? Taksi sürücüsü 23 yaşında qıza “yaxınlıq” təklif edir, o biri ona “hə” deməyən qızı bıçaqlayır, biri keçmiş arvadını qətlə yetirir. Yəni say, say, bitməyəcək.
Sonda bir məqamı da diqqətə çatdırmaq istərdim. Hansısa məmur həbs olunur və ya korrupsiya faktı müəyyən olunur, buna sosial şəbəkədə və real həyatda 15 dəqiqə reaksiya verilir. Heç görmədim ki, 50 000-lik hansısa qrup həmin məmurun məhkəməsində iştirak etsin, ona prokuror tərəfindən ən ağır cəzanın verilməsini tələb etsin. Və ya desin ki, “ay filankəs, sən mənim və ya mənim övladımın çörəyini oğurlayırsan!”
Və ya götürək son günlərin “fenomen”i, barəsində ardı-arası kəsilməyən rəsmi və təsdiqolunmuş xəbərlərin əsas fiqurantı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovu, yaxud onun oğlanlarını. Onlar barəsində də yayılan məlumatlara, xəbərlərə heç kim reaksiya vermir. Heç bir sosial şəbəkədə, qrupda bu qədər müzakirə olunmur. Niyə?
Amma Bəhramı söymək olar, Üzeyir Hacıbəylinin qucağına qaloş atmaq olar, “Yeni il” bayramında pirotexniki vasitələri yandırıb uşaq-qadın-qızın üstünə atmaq olar, Bakı bulvarında yerləşən “Mirvari” kafesinin üstünə çıxmaq olar. Bütün bunları videoya çəkib “TikTok”a da yükləmək olar. Əslində çox yaxşı edirlər. Onlar cəmiyyətin güzgüsüdürlər. Yüksək əxlaqi və mənəvi dəyərlərə malik, intellektual, ağıllı, “şirli” və zırrama adamlar.
Əgər kimsə əks-hücum arqumenti kimi mənə sual versə ki, “haradan bilirsiniz ki, bu videoların əksər iştirakçıları məhz azərbaycandilli insanlardır?” O zaman cavab verəcəyəm ki, yayılan videolardan da aydın eşidilir ki, onlar Azərbaycan dilində danışırlar.
İki – əgər hər hansısa şübhəniz varsa, girin elə o “qəhrəmanların” səhifələrinə digər videolarını da izləyin.
Əminəm ki, onların qədim Latın və ya Şimali Çinin Mandarin dilində danışdıqlarına şahidlik edə bilməyəcəksiniz. Çünki onlar Çinə “Kitay” deyirlər.
Amma bir məsələdə sizinlə razıyam ki, bu seqment heç doğru-düzgün Azərbaycan dilində belə danışa bilmir. “Uje”, “davay”, “razborka”, “qruzitdə” və s. sözlərdən gen-bol istifadə edərək, dilçilik elminə məlum olmayan, yalnız və yalnız öz aralarında anlaşılan dildə danışırlar.
Nə yalan deyim, iyrənirəm. Və bu nəsildən gözlədiyim heç nə yoxdur. Öz həyatımı isə uzaq Andorrada görürəm. Allah qapımı açsın! Amin!
www.RESMIXEBER.az