“Yaşıl” enerjiyə artan maraq, Azərbaycanın konstruktiv rolu və imkanları üstələyən istəklər – RƏY + FOTO

Siyasət

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə səfər etdi. Səfər çərçivəsində ilk olaraq prezidentlərin ikitərəfli görüşü baş tutdu ki, burada bir sıra siyasi, iqtisadi, mədəni məsələlər müzakirə olundu. Bir gün sonra – yanvarın 16-da isə paytaxt Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirildi və İlham Əliyev də sözügedən mərasimdə iştirak etdi. Tədbirdə çıxış edən dövlət başçısı ilk olaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən söz açaraq Azərbaycanın bu mənbələri öz enerji təhlükəsizliyini təmin etmək üçün inkişaf etdirmədiyini, bizim enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etdiyimizi bildirdi. Daha sonra ölkəmizin bu sahədəki potensialına diqqət çəkən Prezident qeyd etdi ki, quruda 27 giqavatlıq külək və Günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 giqavatlıq külək və Günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 giqavatlıq külək enerjisi imkanları mövcuddur. Yəni 200 giqavata yaxın potensial var və bu istiqamətdə layihələr mərhələli şəkildə həyata keçiriləcək. 

Bildirək ki, həmin layihələrdən biri hələ Dayanıqlılıq Həftəsi tədbirindən bir gün əvvəl Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə BƏƏ-nin təmiz enerji şirkəti olan “Masdar” arasında imzalanıb. Bu razılaşmaya əsasən, birgə dörd giqavatlıq külək və Günəş enerjisi stansiyalarının yaradılması planlaşdırılır.

Prezident İlham Əliyevin sözlərinə görə, bütövlükdə, Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər bizə 22 giqavata qədər külək və Günəş enerjisini istehsal etmək imkanı yaradacaq.

Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycanın yüksələn xətlə davam edən münasibətlərini resmixeber.az-a şərh edən politoloq Tofiq Abbasov öncəliklə Əbu-Dabi Dayanıqlılıq Həftəsi tədbirinin vacib əhəmiyyətindən söz açıb:

“Biz görürük ki, dünyada “yaşıl” enerjinin rolu getdikcə artır və bir çox ölkələr neft, qaz və daş kömürdən imtina edirlər. Burada təkcə resursların azalması məsələsi rol oynamır. Dünyada həm də iqlim dəyişiklikləri prosesi gedir. Ənənəvi enerji resurslarından yaranan qazların atmosferə qalxması, zərərli maddələrlə havanın çirkləndirilməsi nəticəsində Yer kürəsində mənfi tendensiyalar formalaşır, baş verənlər qlobal istiləşməni qaçılmaz edir. Ona görə də insanlar “yaşıl” enerjinin istifadəsini artıq genişləndirməli olduqlarını düşünürlər. Bu, karbon qazının atmosferə atılmasının qarşısını ala biləcək bir cərəyandır. Əlbəttə, burada istəklər çoxdur və onlar imkanları üstələyir. Ona görə də imkanlar da getdikcə genişlənməlidir. O baxımdan Prezident İlham Əliyevin Əbu-Dabidə Dayanıqlılıq Həftəsindəki Yaşıl Hidrogen Sammitindəki iştirakı son dərəcə vacib hadisədir”.

Ekspert söyləyib ki, Azərbaycan artıq “yaşıl” enerji istehsalına, onun artımına, eləcə də xarici bazara nəqlinə böyük diqqət yetirir:

“Bu proseslər isə investisiya tələb edir, eləcə də ən müasir texnikaların istifadəsini aktuallaşdırır ki, BƏƏ-nin “Masdar” şirkəti dünyada bu tip fəaliyyətlərlə məşhurdur və artıq Azərbaycanla birgə layihələr icra edir. “Qaradağ” adlı 230 meqavatlıq Günəş enerjisi stansiyası artıq Azərbaycanda inşa olunur və “Masdar” prosesin təminatçısıdır. Bu stansiya tam həcmi ilə işə başladıqdan sonra Azərbaycanda “yaşıl” enerjinin istismarı artacaq. 2030-cu ilə qədərki milli prioritetlərimizdə biz bu məsələyə geniş yer vermişik və onun müsbət təsirlərinin şahidi olacağıq.

İki ölkənin bir çox məsələlərdə baxışları üst-üstə düşür. Digər tərəfdən, siyasi dialoq tədricən inkişaf edir və bu ondan xəbər verir ki, Bakı və Əbu-Dabi bir-birini anlayır, həm də tamamlayırlar. Bölgəmizdə yeni bir geosiyasi konfiqurasiya da formalaşır. Düşünürəm ki, həm ikitərəfli zəmində, həm qlobal platformada “yaşıl” enerjinin hidrogen konsepsiyasının işlənməsi ölkəmizə xeyir gətirəcək, həm də beynəlxalq aləmdə özümüzü yeni ampluada təmsil edəcəyik. Biz həm istehsalçı, həm də ixracatçı kimi işləri nəzarətə götürmüşük. Dekabrın 17-də Buxarestdə Prezident İlham Əliyevin iştirakı ilə dördtərəfli saziş imzalandı. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir əməkdaşlıq formatının yaranmasını təmin etdilər və orada da yaşıl enerjinin həm istehsal, həm ötürmə mənbəyi kimi Azərbaycan müəyyən edilib”.

Müsahibimiz bu proseslərə digər böyük ölkələrin qatılmasının əhəmiyyətindən də söz açıb:

“Məsələn, artıq bizim bölgədə Misirin marağı var. Bu yaxınlarda Misir Prezidenti Hüseyn Xəlil əs-Sisi Azərbaycana səfər edəcək. Nəzərə alsaq ki, Türkiyə ilə Misir arasında bir o qədər də yaxşı münasibətlər yoxdur, hətta fikir ayrılıqları vardı, onların Liviyada, Aralıq dənizində təzadlı yanaşmaları mövcud idi. Amma artıq əs-Sisi Bakıya gələcək, deməli, Türkiyə ilə Misir arasında münasibətlərin normallaşmasında da Azərbaycan öz konstruktiv rolunu oynayacaq. Çünki biz geosiyasi, iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətlərimizi inkişaf etdiririk”. 

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi, siyasi ekspert Sultan Zahidov isə Azərbaycanla BƏƏ arasındakı münasibətlərin tarixinə nəzər salıb:

“1991-ci ildə BƏƏ Azərbaycanı tanıyıb və 1992-ci ildə dövlətlər arasında diplomatik münasibətlər yaranıb. Azərbaycanla BƏƏ arasındakı münasibətlər, əsasən, iqtisadi-ticari sferanı və turizmi əhatə edib. Xüsusilə də iqtisadi-ticari sahədə əməkdaşlıqdan danışarkən qeyd etməliyik ki, 2021-ci ildə iki dövlət arasındakı ticarət dövriyyəsi təxminən 50 milyon dollar olub ki, bu da kifayət qədər böyük rəqəmdir.

Azərbaycanla BƏƏ arasındakı əməkdaşlığın əsas sferalarından biri də bərpa olunan enerjidir. Dayanıqlılıq Həftəsi çərçivəsində baş tutan görüşlərdə SOCAR ilə BƏƏ-nin təmiz enerji şirkəti “Masdar” arasında Azərbaycanda külək və Günəş enerji stansiyalarının təsis olunması ilə bağlı saziş imzaladılar. 

Bundan əvvəl – 2021-ci ildə Azərbaycan Energetika Nazirliyi ilə “Masdar” arasında Günəş enerji stansiyasının qurulmasıyla bağlı investisiya müqaviləsi imzalanmışdı, daha sonra Qaradağda başqa bir Günəş elektrik stansiyasının təməlqoyma mərasimi baş tutdu. Bütün bunlar hamısı BƏƏ-nin bu sahədə Azərbaycanla əməkdaşlığa olan marağının göstəricisidir”.

Həmsöhbətimiz hesab edir ki, Dayanıqlılıq Həftəsi tədbirinin əhəmiyyəti yalnız Azərbaycan üçün gətirdiyi iqtisadi dividendlərdən ibarət deyil:

“Azərbaycan 2015-ci ildə BMT-nin “Sustainable Development Goals”, yəni dayanıqlı inkişaf məqsədlərini imzalayan dövlətlərdən biri oldu. Həmin dövrdən indiyədək Azərbaycan hər il BMT-yə gördüyü fəaliyyətlərlə bağlı hesabat təqdim edir və məlum olur ki, Azərbaycan bütün öhdəliklərini yerinə yetirir.  

BƏƏ siyasi arenada da daim Azərbaycanın mövqeyini müdafiə edən dövlətlərdən biri olub. Əslində, iki dövlət arasında iqtisadi münasibətlər bütün sahələrin fundamental əsasını təşkil edir. Çünki iki ölkə arasında normal iqtisadi münasibət varsa, o zaman bu dövlətlərin digər sahələrdə də bir-birini dəstəklədiyini görəcəyik. BƏƏ və Azərbaycan arasındakı münasibətlər də hazırda belədir. Bu əməkdaşlıq yalnız ikitərəfli platformada deyil, BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də davam etdiriləcək. Çünki Azərbaycanın xarici siyasətinin əsasında duran faktorlardan biri də islam dünyasında özünə etibarlı dostlar qazanmaqdan ibarətdir. Bu siyasət indiyədək uğurlu nəticələr verib”.

Sayad Həsənli 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir