Millət vəkili: “Əbu-Dabidəki tədbirdə əməkdaşlıq üçün böyük meydan yarandı, ölkəmiz fürsətdən yararlanacaq”

Siyasət

“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb edir. Hazırda real olaraq Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əhəmiyyətli əməkdaşlıq prosesi həyata keçirilir”.

Bu sözləri resmixeber.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Kamran Bayramov deyib.

Millət vəkili bu səfərin yeni səhifələr açacağını vurğulayıb:

“Dövlət başçısı görüş zamanı BƏƏ-nin beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana göstərdiyi dəstəyi çox yüksək qiymətləndirdi. Ümumiyyətlə, bu ölkəylə Azərbaycanın siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğuladı. Eyni zamanda, İlham Əliyev Əbu-Dabidə keçirilən Dayanıqlı İnkişaf Həftəsinin açılışında iştirak etdi ki, bu da tədbirdə müzakirə olunan məsələlərin inkişafı baxımından çox vacibdir. Sözügedən tədbirin təşəbbüskarı Birləşmiş Ərəb Əmirlikləridir və bu, qlobal bir təşəbbüsdür, məqsədi isə dayanıqlı inkişaf prosesində beynəlxalq səylərin gücləndirilməsinə nail olmaqdır. Bildirim ki, həmin tədbirdə yalnız dövlət nümayəndələri deyil, investorlar, texnologiya şirkətlərinin rəhbərləri də iştirak edib. O baxımdan da əməkdaşlıq üçün çox böyük meydan yaranır. Ölkəmiz bu imkanlardan yararlanacaq”.

Müsahibimiz genişmiqyaslı tədbirdə müzakirəsinə çıxarılan məsələlərin əhəmiyyətindən də söz açıb:

“Ərzaq və su təhlükəsizliyi, enerji əlçatanlığı, sənayenin dekarbonlaşdırılması, sağlamlıq, iqlimə uyğunlaşma prioritet məsələlərdir. Prezidentin tədbirdə çıxışı da bu baxımdan çox vacib oldu. Çünki Azərbaycanın enerji sahəsində bir çox dövlətlərlə əməkdaşlıq edir. İlham Əliyev də Azərbaycanın enerji təhlükəsizliyində olan rolunu qeyd etdi. Faktdır ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib və bu sahədə bir çox nailiyyətlər əldə olunub. Deməli, Azərbaycan bərpa olunan enerji mənbələriylə bağlı da çox geniş əməkdaşlıq həyata keçirmə imkanına sahibdir və bunu edir də. Bu yaxınlarda bir neçə Avropa dövləti ilə də bu sahədə anlaşma memorandumu imzalandı. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) BƏƏ-nin “Masdar” şirkəti ilə birgə külək və günəş enerji stansiyalarının yaradılmasına dair də razılaşması var. Bu qısamüddətli bir layihə olsa da, növbəti illərdə daha geniş layihələrin reallaşdırılması üçün böyük zəmin yaradır. Düşünürəm ki, bərpa olunan enerji sahəsində digər dövlətlərlə də əməkdaşlığın gücləndirilməsi bu gün gündəmdədir”.

Sayad Həsənli

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir