Naxçıvanda icbari tibbi sığorta üzrə ödənişlər şəxsi büdcələrə gedib? – ARAŞDIRMA + FOTO

Cəmiyyət

Naxçıvan Muxtar Respublikasında xəstəxanalara müraciət edən şəxslərin icbari tibbi sığortadan istifadə edə bilməmələri artıq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə səhiyyə ocağında çalışan həkimləri üz-üzə qoyub.

resmixeber.az-nın yerli bürosunun xəbərinə görə, Agentlik xidmətlər zərfinə uyğun olaraq xəstəxanalara müraciət edən vətəndaşların tam olaraq tibbi sığortalarının ödənildiyini desə də, səhiyyə ocaqlarında nədənsə buna əməl edilmir.

Nəticədə qurumla xəstəxanalar arasında münaqişə yaranır. Xüsusilə, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində bu halların baş verməsi vətəndaşların da haqlı etirazına səbəb olur.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta işinin təşkili və qeydiyyat şöbəsinin müdiri Elnur İbrahimov resmixeber.az-ya açıqlamasında bildirib ki, stasionar, ambulator, laboratoriya xidmətinin daxilində hamilə qadın üçün zəruri olan bütün prosedurlar var və bu, sadəcə, həkimin təyinatı ilə həyata keçirilir:

“Bunların hamısı xidmətlər zərfində göstərilib, təsbit olunub və onlar bütünlüklə tam ödənişsizdir. Agentliklə Doğum Mərkəzi arasında müqaviləyə əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa görə, ölkənin bütün vətəndaşları tibbi sığortalıdır və oraya heç bir vəsait ödənilməməlidir. Sığortaolunanlar üçün Naxçıvan şəhəri üzrə göndəriş tətbiq olunmur, çünki şəhərdə yaşayan qadınların ilk səhiyyə xidmətini Doğum Mərkəzi həyata keçirir. Digər rayonlardan isə planlı şəkildə göndərişlə gəlməlidirlər. Amma xidmətlər zərfinin qərar hissəsində yalnız hamilə qadınların ginekoloji xidmətinə təcili yardım daxil olduğu üçün onlara göndərişsiz icazə verilir. Bunların hamısı ödənişsiz həyata keçirilməlidir. Yəni bir insanın ehtiyac duya biləcəyi zəruri tibbi xidmətlərin hamısı xidmətlər zərfinə daxildir”.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova resmixeber.az-ya açıqlamasında bildirib ki, 2020-ci ildə publik hüquqi şəxs statusu verilən Doğum Mərkəzinin həkimləri 2021-ci ilin dekabr ayınadək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 25 faiz sığorta ödənişi alıblar:

“2022-ci ilin yanvar ayından isə publik hüquqi şəxs kimi Doğum Mərkəzinin büdcəsinə toplanılan vəsaitin 30 faizi həkimlərin maaşlarına əlavə olunub. Qalan vəsait isə mərkəzin təsərrüfat xərcləri üçün istifadə edilib”.

Kəmalə Qurbanova vətəndaşlar tərəfindən xəstəxanaya ödənilən məcburi və ya qeyri-leqal ödənişlərin ötən ilin noyabr ayının 24-dən aradan qaldırıldığını da vurğulayıb. O, bu zamanadək Doğum Mərkəzinin adından vətəndaşlardan alınan qeyri-leqal məcburi ödənişlərin hara ödənildiyinə aydınlıq gətirməyib.

Görünən odur ki, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaşlar üçün ödənilən, eyni zamanda, vətəndaşlardan alınan qeyri-leqal ödənişlər şəxsi büdcələrə daxil olub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir