İrandakı casus qalmaqalı eks-məmurun həyatına son qoydu: Kələfin ucu haradadır? – TƏHLİL + FOTO

Dünya

İrandakı teokratik rejimdəki güc nisbətində radikal dairələrin rolu şişməkdə davam edir. Bunun izlərini ölkənin sabiq müdafiə nazirinin müavini Əlirza Əkbərinin edam olunmasında axtara bilərik.

Əlirza Əkbərini edam kürsüsünə çıxaran səbəb onun Böyük Britaniyanın ali kəşfiyyat orqanı MI6-ya casusluq etdiyi iddialarıdır, İran rejimi bu iddiaların təsdiqini tapdığını deyir.

Əlirza Əkbəri 1997-2005-ci illərdə müdafiə nazirinin müavini vəzifəsində olub, həmin zaman kəsiyində onun, belə demək mümkündürsə, bossu İranın Ali Təhlükəsizlik Şurasının indiki katibi Əli Şamxani olub.

Əlirza Əkbəri səkkiz il güc strukturundakı missiyasını yerinə yetirdikdən sonra Böyük Britaniyaya köçüb və oranın vətəndaşlığını alıb, beləliklə o, ikili vətəndaşlıq statusunu qazanıb.

Britaniyada olduğu zamanlarda belə, İrana gedib-gəlib, lakin 2019-cu ildə onun ölkəsinə gəlişi öz ölümünə qol çəkmək kimi tarixə düşdü. O zamandan bəri həbsə atılan Əkbəri nəhayət 2023-cü il yanvarın 14-də molla rejiminin çaldığı əcəl zəngi ilə edam edildi.

Əlirza Əkbəri

Əkbəri, yəqin ki, İranın öz xeyir-duası ilə Britaniyaya getmişdi və məqsəd Londonun məxfi qrifli hesabatlarını oxumaqda Tehrana yardımçı olmaq idi.

Ancaq Britaniya da quşu gözündən vurmaq və Əkbərini öz tərəfinə çəkmək üçün cəlbedici vəsaitləri vermək gücündə idi. Beləliklə, Əkbəri ikili vətəndaşlıq adı altında ikiqat agent kimi fəaliyyət göstərən fiqur kimi həm Tehrana, həm də Londona lazım idi.

Onun 2008-ci ildə Britaniyaya casusluq etməkdə şübhəli bilinərək dörd ay həbs olunduğu və daha sonra zaminə buraxılması faktı bunu təsdiqləyən bir dəlil kimi təqdim edilə bilər.

Lakin Əkbərinin Şamxani ilə 2018-2019-cu illərdə keçirdiyi görüşləri ali rəhbərlik başda olmaqla, ona sadiq qüvvələr daxildəki rəqibləri ilə siyasi çəkişmənin “rəmzinə” çevirdilər.

Əkbərinin mediaya sızan səs yazılarından aydın olur ki, o, Şamxaniyə görüş zamanı ətir və köynək hədiyyə edib. İranın güc strukturları isə iddia edir ki, Əkbəri hədiyyələr müqabilində yaxın dostu Şamxanidən dövlət sirlərini alaraq Britaniyaya ötürüb.  

Əkbərinin istintaq altında olarkən üzləşdiyi işgəncələrlə bağlı səs yazısının mediaya necə sızdığı da məsələ ətrafındakı vəziyyəti qəlizləşdirir. Amma bu versiya canlanır ki, İranın güc strukturlarında xarici ölkələrə casusluq edən və ya onların maraqlarına xidmət edən qüvvələr var, səs yazısının sızdırılması ilə Əkbərini, dolayısı ilə Şamxanini təmizə çıxarmağı hədəfləyirlər.

Amma heç nə Əkbəriyə kömək etmədi, o, edam edilərək öldürüldü, təbii ki, Əkbəri İranın hakimiyyət daxilindəki daxili siyasi rəqabətdə bir alət oldu.

Əkbəri 2020-ci ildə nüvə alimi Möhsün Fəxrizadənin Tehranda öldürülməsi işində də düşmən kəşfiyyatına yardım etməkdə təqsirli bilinirdi. Əkbəri ilə bağlı informasiya sızdırılmaları, İranın alternativ məlumatları dövriyyəyə buraxması sabiq müdafiə nazirinin müavininin ikili agent oyunundakı rolunu göstərir.

Əkbərinin İranın hakimiyyət kuluarlarındakı bir-birini didməsi fonunda agent adı ilə qurban verilməsini göstərən bir neçə əlamətləri də göstərmək mümkündür:

1. Əkbəri istintaqın mühakiməsində olarkən ona işgəncələr verilib, etdiklərini boynuna almağa təhrik edilib, əvəzində isə ona daha yüngül cəza vədi veriblər;

2. Prokurorluq Əkbəri haqqındakı məhkəmə hökmünün dəyişdirilməsini, onun pul müqabilində azadlığa buraxılmasını istəsə də, Kəşfiyyat Nazirliyi buna imkan verməyib;

3. Ali Məhkəmə də ölüm hökmünü ləğv edib, lakin Kəşfiyyat Nazirliyi hədələlərlə hökmün bərpasına nail olub;

4. Əkbərinin işinə baxan hakim hökmü ləğv etmək istəsə də, onun qəfil ölümü (?) vəziyyəti dəyişib.

Əli Şamxani

Beləliklə, Əkbərinin öldürülməsi İrandakı daxili güc nisbətində rolların dəyişdirilməsi üçün bir prosesdir və əsas hədəf Əli Şamxanidir.

İranda Prezident İbrahim Rəisi, kəşfiyyat naziri İsmail Xətib və daxili işlər naziri Əhməd Vahidi Şamxanini vəzifədən uzaqlaşdırmaq üçün təzyiq göstərən əsas fiqurlardır. Niyə? Görünən odur ki, Şamxani idarəetmə pərdəsinin arxasında mühüm rıçaqlara yiyələnib və onun zərərsizləşdirilməsi labüddür.

Britaniyaya gəlincə, o, diplomatik etiketlərlə Əkbərinin müdafiəsinə qalxır və bu da göstərə bilər ki, keçmiş məmur, həqiqətən də, Londona lazım olan məlumatları çatdırıb…

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir