“2025-ci ilə qədər xarici borclarımızın ümumdaxili məhsulumuzun 6-7 faizinə qədər endirə bilərik” – RƏY

Siyasət

“Xarici ticarət borcumuzun azaldılması əsas hədəf və prioritetlərdən biri idi. Hətta konkret olaraq məsələ qoyulmuşdu ki, 2030-cu ilə qədər bizim xarici borcumuz ümumdaxili məhsulumuzun 10 faizi həcminə qədər endirilsin. Çox təqdirəlayiq bir haldır ki, nəinki 2030-cu ilə qədər, hətta 2022-ci ildə, demək olar ki, biz bu hədəfə çatdıq”.

Bu sözləri Azərbaycanın xarici borcunun yeddi milyard dollardan az olmasına münasibət bildirən Dövlət Məşğulluq Agentliyində Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri, iqtisadçı-ekspert Elman Sadıqov resmixeber.az-a açıqlamasında deyib. O, Azərbaycanın ümumdaxili məhsulunun kifayət qədər artmasına diqqət çəkib:

“Burada 2022-ci ildəki neft və qaz qiymətləri də öz müsbət rolunu oynamış oldu. Azərbaycanda xarici borcu tədricən azaltmağa ölkəmizin iqtisadiyyatı, müsbət tədiyə balansı da imkan verir. Biz xarici borcu azaltmaqla həm də gələcəkdə büdcəmizdə xarici borca xidmət üzrə xərclərimizin azalmasına nail olacağıq. Bu, önəmli məsələdir. Ən əsas məsələlərdən biri də ondan ibarətdir ki, biz xarici borclanmanın bir hissəsini də daxili borclanmaya transfer etməyə davam edəcəyik.

Burada “Daxili borclanma lazımdır, yoxsa deyil?” kimi bir sual və ya “Əgər ölkənin büdcəsi profisitlə bitirsə, büdcədə defisiti yoxdursa, borclanma nə üçün lazımdır?” sualı yarana bilər. Bildirim ki, daxili borclanmanın bir neçə hədəfi olur. Onlardan biri də qiymətli kağızlar bazarıdır. Bütün ölkələrdə qiymətli kağızlar bazarının dinamikası qorunur.  İkinci bir məsələ isə odur ki, düzgün borclanma böyümə ilə nəticələnir”.

Ekspert diqqətə çatdırıb ki, düzgün borclanma olmasa, ölkənin böyüməsi qeyri-mümkün olar:

“ABŞ-də, Avropa Birliyi ölkələrində borcların yüksək olduğunu görürük. Onlar vaxtilə davamlı borclanaraq öz iqtisadiyyatlarını genişləndiriblər. Bizdə də büdcədə davamlı olaraq profisit ola bilməz. Elə olduğu halda, dövlət konkret olaraq tədbirlər görür və burada müəyyən filtrlər tətbiq olunur və yaxud da büdcə xərcləri daha da artırılır. Nəticə etibarı ilə büdcə xərclərinin artırılması da kor-koranə deyil. Daha çox investisiya yönümlü artırmalar olur. Bunlar iqtisadiyyatın böyüməsinə öz töhfəsini verməlidir. Bunların fonunda daxili borclanma qaçılmazdır”.

Müsahibimizin sözlərinə görə, daxili borclanma ölkə iqtisadiyyatının növbəti illər üçün böyüməsini şərtləndirir:

“Daxili borclanma nəticəsində ödənilən faizlərə isə ümumdaxili məhsulun artımına töhfə verir. Çünki bu borc və ödənilən faizlər daxildə qalır, rezidentlərə, yəni Azərbaycan vətəndaşlarına ödənilir. Nəticə etibarı ilə bizim əsas hədəflərimizdən biri xarici borcların daxili borclara transfer edilməsidir ki, dövlət həm də xarici valyuta riskinə məruz qalmasın. Xarici borcun minimumda olması ölkəyə gələcəkdə iqtisadi islahatlar apararkən, iri layihələrdə iştirak edərkən manevr imkanları verir, çünki sizin borcunuz nə qədər aşağıdırsa, sizin faiz dərəcəniz də aşağıdır. Bununla da borc ödəmə qabiliyyətiniz yüksək qiymətləndirilir.

Nəticə etibarı ilə sizə daha aşağı faizlə borc verən ölkələrin sayı artır. Bütün bu amilləri nəzərə aldıqda 2023 və ondan sonrakı dövrlərdə ölkəmizdə xarici borclanmanın artmaması və tədricən azalması, daxili qiymətli kağızlar bazarının inkişafı əsas istiqamətlər olacaq və bu istiqamətdə işlər davam edəcək. 2025-ci ilə qədər xarici borclarımızın ümumdaxili məhsulumuzun 6-7 faizinə qədər endirə bilərik, bunun üçün imkanlarımız mövcuddur”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir