İnsanları zaldan “daşıran” iddia, “Netflix” layihəsi: Azərbaycanlı məşhurların 2023 üçün hədəfləri – FOTO

Cəmiyyət

Yeni ilin ilk ongünlüyünü başa vurduq. İnsanlar təzələnən ildə yeni uğurlara, işlərə imza atmağa çalışırlar. Ancaq hər yeni il üçün qarşılarına çatmaq istədikləri hədəflər qoyanlar arasında sənət adamları üstünlük təşkil edirlər. Kimisi konsert, kimisi klip, kimisi də yeni bəstələrlə sevənlərinin qarşısına çıxır.

Bəs görəsən, 2023-cü ildə sənət adamları hansı planlarını həyata keçirməyi hədəfləyirlər?

resmixeber.az-ın əməkdaşı bir neçə sənət adamının planları ilə maraqlanıb.

Xalq artisti Mənsum İbrahimov bu il “Gəncləşən muğam” layihəsini bərpa etmək istədiyini qeyd edib:

“İlimiz yeni başlayıb. Bütün xalqımızı təbrik edirəm. Yeni il bütün xalqımız üçün düşərli olsun. Sənət adamı kimi bizim də arzularımız, düşünülən layihələrimiz var. Müəyyən səfərlər planlaşdırırıq. Bakıda müəyyən layihələr olmalıdır.

Dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Muğam Mərkəzində “Həmrəylik” konserti keçirdik. Təşkilatçı özümüz idik. Orada Cənubdan olan ifaçıları da bir araya yığdıq. İlk dəfə idi ki, belə bir şey oldu. Yeni ildə “Gəncləşən muğam” layihəmizi bərpa etməyi düşünürük. Biz bunu yeddi dəfə etmişik.

M.İbrahimov yanvarın 12-də “Leyli və Məcnun” operasının 115 illiyi ilə bağlı tamaşası olacağını qeyd edib:

“2023-cü ildə ilk dəfə səhnəyə çıxacağam. İldə bir və ya iki dəfə səhnəyə çıxıram. Opera və Balet Teatrında “Məcnun” rolunu ifa edəcəyəm. İşlər, planlar çoxdur. Reallaşdırdıqca tamaşaçılar biləcəklər”.

Əməkdar artist Elza Seyidcahan solo konsertə hazırlaşdığını söyləyib:

“Fevralın 28-də solo konsertim olacaq. Hazırda məşqlərində iştirak edirəm. Orada yeni mahnılar və şeirlərim də olacaq”.

Müğənni Ayaz Babayev 10-a yaxın klip planlaşdırdığını bildirib:

“10-a yaxın klip planlaşdırmışıq. Onlardan dördü duet olacaq. Yusuf Güney “Survivor”dan qayıdan kimi ilk çəkilişlərinə başlayacağıq. Duet ortaqlarım arasında yerli və türk ulduzlar yer alacaqlar. Hər aya bir iş planlaşdırmışıq”.

A.Babayev il sonunda solo konsert vermək istədiyini əlavə edib:

“Bu dəqiqə ən çox konsert verən müğənnilərdən biriyəm. İstər pullu, istərsə də pulsuz. Tamaşaçılarım çox olur. Bəzilərinin konsertində 3 000 nəfərlik zala 700 adam yığılırsa, mənim konsertimdə insanlar hətta bayırda gözləyirlər. Bu il ərzində konsertlərimiz yenə olacaq. İlin sonunda böyük solo, canlı konsert etmək istəyirik. Bu, yəqin ki, Heydər Əliyev Sarayında olacaq. Hər şey düşündüyümüz kimi olacaqsa, o zaman həyata keçirəcəyik”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisi Dilarə Kazımova bu il üçün planlarının daha çox olduğunu deyib:

“Əslində, çox planlarımız var. Əsas məqam klipdir. Hazırda montajdadır. Artıq fotosessiyalardan da hazır olanları var. Yeni mahnı yazdırıram. Dayanmaq yoxdur. Çoxunu demək istəmirəm. Deyirlər, çin olmağı üçün öncədən deməzlər. Sadəcə, bir qədər vaxta ehtiyac var”.

Aktyor Elməddin Cəfərov “Neftlix” layihəsini gerçəkləşdirmək istədiyini deyib:

“Əslində, bir neçə layihəmiz var. Allah nəsib etsin, olacaq. Çox danışmaq istəmirəm. Vallah, dilə gətirən kimi səndən öncə kimlərsə götürüb edirlər. Açıqlamaq istəmirəm. Lakin onu deyə bilərəm ki, “Neftlix”də olan layihədir. Nəsib olsa, iki-üç aktyor heyəti ilə onu edəcəyəm. 2023-cü ildə bunu etmək istəyirəm. Formatı və keyfiyyəti qorumaq şərti ilə həyata keçirməyi düşünürəm. Keyfiyyətli, gözəl bir iş ortaya çıxarmağı qarşımıza məqsəd qoymuşuq. Reytinqə qaçmağa ehtiyac yoxdur”.

Müğənni Roza Zərgərli həmkarı Tural Gəncəli ilə duet ifa edəcəyini bildirib:

“Bir-iki gün sonra Sankt-Peterburqda konsertim var. Mart ayında Türkiyədə (İstanbul) və İsraildə konsert proqramı ilə çıxış edəcəyəm. Yeni mahnılarım hazırlanır. Yanvarın sonuna qədər iki klip işıq üzü görəcək. Həmkarım Tural Gəncəli ilə duetimiz olacaq. 2023-cü ildə plan çoxdur. Yavaş-yavaş hamısını təqdim edəcəyik”.

Nəzrin Vahid

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir