Gəncə sakinlərinə sərnişindaşıma ilə bağlı ŞAD XƏBƏR – FOTO

Cəmiyyət

Gəncə şəhərindəki bəzi sərnişin avtobusları günün tələblərinə cavab vermir. Şəhər sakinləri avtobusların təyin olunan qrafik üzrə vaxtında işləməməsindən, oturacaqların yararsız, çirkli olmasından, sürücülərin sükan arxasında siqaret çəkib, telefonla danışmasından da şikayət edirlər.

AZƏRTAC-ın bölgə müxbiri şəhər sakinləri ilə söhbət edib, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məsələ ilə bağlı mövqeyini öyrənib.

Şəhər sakini Emin Quluyev xüsusilə axşam saatlarında avtobusların təyin olunan qrafiklə hərəkət etməməsinin onlara çətinlik yaratdığını deyir:

“Harasa gedib-gələndə əziyyət çəkirik. Xüsusilə indiki qış aylarında axşam saatlarında hava şaxtalı olur, avtobuslar isə qrafik üzrə vaxtında gəlmir, problemlərlə qarşılaşırıq. Nahar vaxtı və axşam işdən çıxanda avtobuslardakı sıxlıqdan da əziyyət çəkirik.”

“Avtobuslar köhnədir, yenilənməlidir. İçərisi, oturacaqları çirkli olur. Sürücü seçimi də ciddi aparılmalıdır. Bəzən sürücülər avtobus idarə edərkən siqaret çəkirlər. Narazılığımızı bildirəndə kobud cavab verirlər. Xahiş edirik, aidiyyəti qurumlar bu məsələyə baxsınlar”, – deyə şəhər sakini Musa Nəbiyev deyib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən məsələ ilə bağlı münasibət bildirilib. Qeyd olunub ki, avtobusların çirkli olması, sürücülərin siqaret çəkməsi, telefonla danışması, təyin olunan qrafiklərə riayət edilməməsi və s. məsələlərlə bağlı lazımi tədbirlər görülür, xətt sahiblərinə və sürücülərə xəbərdarlıqlar edilir. Şəmkir istiqamətində yerləşən avtovağzalda qanunsuz sərnişindaşımalarla bağlı son aylarda keçirilən reyddə 100-dən artıq nəqliyyat vasitəsi haqqında protokol tərtib edilib, cərimələr yazılıb.

Vurğulanıb ki, keçən ilin dekabrından bu ilin yanvar ayına qədər şəhərdaxili sərnişindaşıma ilə məşğul olan 240-a yaxın avtobus rəsmi fərqlənmə nişanı ilə təmin edilib. Hansı ki, həmin avtobusların ümumiyyətlə fərqlənmə nişanı olmayıb.

Qurumdan o da bildirilib ki, dörd xətt üzrə avtobusların yenilənməsi və marşrutların optimallaşdırılması nəzərdə tutulur. Yaxın bir neçə ay ərzində bu məsələ həyata keçiriləcək.

Bundan əlavə, Gəncə şəhəri daxilində bir neçə nəqliyyat qovşağının yaradılması da nəzərdə tutulur. Ətraf rayon və kəndlərdən gələn nəqliyyat vasitələrinin şəhərə daxil olmadan həmin nöqtələrdən sərnişinləri şəhərdaxili hərəkət edən avtobuslara yönləndirməsi kimi perspektivdə bir çox layihələr var.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir