ABŞ-nin Nyu-York şəhərində “Xarıbülbül əfsanəsi” sənədli filmi təqdim edilib.
“resmixeber.az”un yerli bürosu xəbər verir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin, Türkiyənin Nyu-York şəhərindəki Baş Konsulluğunun, Azərbaycan Amerika Cəmiyyətinin və Amerika Muğam Cəmiyyətinin birgə təşkil etdikləri tədbirdə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür, diplomatlar, eləcə də Azərbaycan və türk icmasının fəalları iştirak ediblər.
Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi Şuşada çəkilişləri aparılmış filmdə şəhərin simvollarından olan Şuşa qalası, Bülbülün ev muzeyi, Vaqifin məqbərəsi, İsa bulağı və Şuşanın əsrarəngiz təbiəti ilə bağlı kadrlar yer alıb. Filmdə şəhərin tarixi, musiqi və ədəbi mühiti, eyni zamanda, tarixi şəxsiyyətləri barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir. Şuşanın müxtəlif sənət növlərində dünya incəsənətinə bəxş etdiyi töhfələrdən bəhs edən film qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Filmin rejissoru – isveçli fotoqraf, operator Mikael Silkeberq “Xarıbülbül əfsanəsi”nin ərsəyə gəlməsindən danışıb və bildirib ki, o ötən il Şuşaya səfərindən sonra bu tarixi şəhəri ölümsüzləşdirməyə qərar verib.
Mikael Silkeberq filmin ərsəyə gəlməsində dəstək verən hər kəsə minnətdarlığını bildirib.
www.RESMIXEBER.az