Azərbaycan dünyanın aparıcı silah ixracatçısına necə çevriləcək? – RƏY

Siyasət

Hazırda dünya silah bazarında Rusiya-Ukrayna müharibəsi səbəbilə ciddi boşluq yaranıb. Belə bir vəziyyətdə Azərbaycan 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satır. Dünən yerli jurnalistlərə müsahibəsində bu məsələyə xüsusi diqqət çəkən Prezident İlham Əliyev Azərbaycanın artıq yüz milyonlarla dollar dəyərində hərbi təyinatlı məhsulların ixracatçısı ola biləcəyini qeyd edib. Dövlət başçısı Azərbaycanda yerli hərbi sənayenin yeni dövrünün başladığını və bunun ixracyönümlü sənaye olduğunu vurğulayaraq bazarı doldurmalı olduğumuzu bildirib. İlham Əliyev atılacaq bu addımın ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcəyini söyləyib. 

“Baxın, həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi. Kim bizim qabağımızda dura bilər?”,-deyə Prezident əlavə edib. 

Məsələyə ilə bağlı resmixeber.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev söyləyib ki, Azərbaycanın son vaxtlar dünyanın aparıcı silah istehsalçıları ilə qurduğu sıx əlaqələr öz bəhrəsini verməkdədir:

“Bir neçə il bundan öncə Azərbaycan haradansa silah-sursat idxal edirdi. Lakin bu gün Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanda aparılan hərbi quruculuq işləri hesabına biz həm də bu işin ixracatçılarındanıq. Ordumuzun gücləndirilməsi üçün çox mühüm islahatlar aparıldı. Bu isə güclü hərbi sənaye kompleksinin yaranması üçün mühüm amillərdəndir. Bu gün Azərbaycan MDB məkanında, Avropa və Asiyada bir sıra dövlətlərlə hərbi texnika ilə bağlı müəyyən addımlar atır, mühüm müqavilələr imzalayır. Bəziləri də gələcəkdə imzalanacaq. Azərbaycan artıq silah ixrac edilən dövlətdən ixrac edən dövlətə çevrilməkdədir. Son vaxtlar keçirilən beynəlxalq sərgilərdə hərbi sənaye kompleksimizin ortaya qoyduğu məhsullar Azərbaycana diqqəti daha da artırır. Türkiyə və İsraillə olan münasibətlər fonunda Azərbaycan da öz silahını satmağa qadir olduğunu göstərib”.

Hərbi ekspert Şair Ramaldanov isə ilk olaraq dövlət başçısının silah bazarını çox düzgün şəkildə təhlil etməsindən söz açıb:

“Prezidentin səsləndirdiyi fikirləri müdafiə sənayesi üçün bir mesaj kimi qəbul etmək olar. İlham Əliyevin də dediyi kimi, bu gün dünya silah bazarına böyük həcmdə silah çıxaran Rusiya və ABŞ bazarda yoxdur. Rusiya öz tələbatını ödəyir, ABŞ və NATO-nun digər silah ixrac edən ölkələri isə məhz Ukraynanı silahla təmin etmək üçün imkanlarını o istiqamətə yönəldirlər. Bu isə silah bazarında müəyyən boşluğun yaranmasına gətirib çıxarır. Bunların fonunda bu gün Azərbaycanın müdafiə sənayesi ən müasir döyüş vasitələri istehsal eləyə bilən cihazlarla təmin olunub. Həmçinin müdafiə sənayesinə cəlb olunan kadrlar mütəmadi olaraq ən inkişaf etmiş hərbi sənaye kompleksləri olan ölkələrə ezam olunurlar, orada müəyyən bir təcrübə qazanırlar, sonra da həmin təcrübəni Azərbaycanda tətbiq edərək bu sahədə inkişafına nail olurlar”. 

Müsahibimiz diqqətə çatdırıb ki, bu gün silah bazarında olan boşluqdan öz xeyrimizə yararlana bilərik:

“Hərbi təyinatlı məhsullarımızı bazara çıxararaq silah ixrac etdiyimiz ölkələrin sayını artıra bilərik. Rusiya, ABŞ və digər silah ixracında böyük hərbi sənaye komplekslərinə sahib ölkələrin qarşısında Azərbaycan kimi ölkələrin hərbi sənayesi indiyədək kölgədə qalmışdı. Ancaq Prezidentin də verdiyi mesaj və tapşırıqlar əsasında biz bu boşluğu fürsətə çevirə bilərik. Azərbaycanın müdafiə sənayesi səylərini gücləndirərək irəliyə çıxa bilər. 

Müdafiə sənayesi qısa zamanda böyük inkişaf yolu keçib. Bu gün artıq mindən çox çeşidə malikdir. Hər il keçirilən sərgilərdə Azərbaycanın pavilionu genişlənir. Bu da müəyyən ölkələrin Azərbaycana diqqətini artırır. Hazırda Azərbaycanın müdafiə sənayesinin silahla bağlı ən çox birgə layihələri Türkiyə və İsraillədir. Bu iki ölkənin bu gün dünyada qabaqcıl hərbi sənaye komplekslərinə sahib olması sirr deyil. Düşünürəm ki, onlarla sıx əməkdaşlıq Azərbaycanın müdafiə sənayesini daha da inkişaf etdirməyə imkan verəcək və bu inkişaf hesabına silah bazarında tələb olunan məhsulların daha çox ixracını görəcəyik.  Azərbaycanın müdafiə sənayesi müasir hərbi təyinatlı məhsulların istehsal edilməsində maraqlıdır və bu istiqamətdə böyük addımlar atılır. Qısa bir zamanda Azərbaycanın müdafiə sənayesinə diqqətin artmasının şahidi olacağıq”.

Sayad Həsənli 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir