Azərbaycandakı bahalaşmanın səbəbləri – SORĞU + FOTO

Cəmiyyət

Sosial Tədqiqatlar Mərkəzi (STM) vətəndaşların son bir ildə qarşılaşdıqları qiymət artımlarının səbəbləri ilə bağlı mövqelərini öyrənmək üçün növbəti blits sorğu keçirib.

Bu barədə STM məlumat yayıb.

Sözügedən sorğu çərçivəsində respondentlərə “Sizcə, qiymət artımının səbəbləri nələrdir?” sualı ünvanlanıb və bir neçə cavab variantı seçmək imkanı verilib.

Əldə olunan respondent rəylərinə görə, qiymət artımlarının səbəbləri geniş palitraya malikdir. Belə ki, rəyi öyrənilənlər arasında mövqelərin ən çox üst-üstə düşdüyü əsas səbəb kimi Rusiya-Ukrayna münaqişəsi 36,6%-lik göstərici ilə ilk sırada qərarlaşıb. Qeydə alınan bu səbəbi çox az fərqlə sahibkarlar və satıcıların qiymətləri süni olaraq artırması amili (34.3%) və dünyadakı iqtisadi-siyasi vəziyyət (32.2%) ilə bağlı rəylər məcmusu təqib edir.

Sorğu nəticələrinin ilkin təhlili ölkəmizdə müşahidə olunan qiymət artımlarının (inflyasiyanın) ilk üç səbəbindən ikisinin əsasən xarici faktorlardan qaynaqlandığını və cari inflyasiyanın idxal inflyasiyası olduğu təsbitinin ictimai rəy ilə üst-üstə düşdüyünü deməyə əsas verir.

Qiymət artımlarının əsas səbəblərindən biri kimi süni qiymət artımını ön plana çıxaran 34,3%-lik respondent seqmentinin 25,6%-ni dövlət sektorunda çalışanlar təşkil etdiyi halda, 20,3%-ni təqaüdçülər təşkil edib.

Maraqlı təsbitlərdən biri də ondan ibarətdir ki, sorğuda iştirak edənlərin 11,6%-i rəqabətin zəif olmasını qiymət artımlarının əsas səbəbləri sırasında gördüyü halda, respondentlərin 23,7%-i aidiyyəti qurumların tənzimləyici təsirinin yetərli olmamasını irəli sürüb.

Sorğu çərçivəsində respondentlərin 4,4%-i digər səbəbləri əsas gətirdiyi halda, 5,4%-i bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir