Ermənilərə işləyən casusun etirafı: “500 qrivna aldım” – MƏHKƏMƏ

Cəmiyyət

Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan 41 yaşlı Emil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, Emil Məmmədov 2017-ci il sentyabrın 26-da Ermənistanın Kiyevdə yerləşən səfirliyində məxfi əməkdaşlığa cəlb olunub. Orada özünü “Erik” kimi təqdim edən şəxslə razılaşdırılıb ki, Emil Məmmədov Azərbaycanda qaz boru kəmərlərinin keçdiyi ərazilər, dövlət başçısının bölgə səfərləri, Səngəçal terminalı və digər yer və məsələlər barədə məlumatları toplayıb, mütəmadi onlara ötürəcək.

İstintaq sənədlərinə görə, 2019-cu ilin iyununda Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Emil Məmmədovla görüşüb, ötürülən məlumatların müqabilində ona pul verib və qəbz imzalatdırıblar.

Məhkəmədə ifadə verən Emil Məmmədov dövlətə xəyanət ittihamı üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ittihamda guya onun qaz boru kəmərləri barədə məlumat verəcəyi yazılıb. O, TAP, TANAP bilən adam olmadığını deyib.

Buna baxmayaraq, təqsirləndirilən şəxs 2017-ci ildə Ermənistanın Ukraynadakı səfirliyində olduğunu etiraf edib:

“2017-ci ilin mayında Kiyevə getdim. Həmin vaxt həyat yoldaşımdan boşanmışdım və başqa bir qadınla tanış olmuşdum. Kiyevə getməyimin səbəbi bu idi. Orada bir müddət qalandan sonra işsizlikdən, pulsuzluqdan əziyyət çəkdim. Gedəndə valideynlərim çox narazı idilər. Qayıtmaq istəyirdim, qayıda bilmirdim, çünki pulum yox idi”.

Emil Məmmədov deyib ki, işsizlikdən, pulsuzluqdan Ermənistan səfirliyinə gedib, üçüncü ölkəyə getməyinə onlardan kömək istəyib. İlk olaraq İngiltərə və ya Fransaya getməsinə şərait yaradılmasını xahiş edib:

“Orada cəmi 15 dəqiqə olmuşam. Düzdür, mənə Azərbaycan haqda suallar veriblər. Mən nə bilirəm ki, nə də deyim. Sonra gördüm ki, bunlar mənimlə yavaş-yavaş hədə-qorxu ilə danışmağa başlayırlar. Mən də orada dayanmadım, çıxdım.

Mənə orada 500 qrivna pul verdilər. O da 17-18 dollar eləyirdi. Həmin pula bilet aldım. Mən nə sonradan onlara məlumat ötürmüşəm, nə də hansısa qəbzə qol çəkmişəm”.

Qeyd edək ki, Emil Məmmədov ötən ilin martında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

Aparılmış araşdırmalar zamanı Emil Məmmədovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət etməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Məmmədova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə ittiham olunan şəxsi 10 ildən 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir