Paşinyanın dörd istiqamət üzrə bəyanatlarının içində gizlənən detallar – TƏHLİL

Siyasət

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da mətbuat konfransı keçirərək Azərbaycanla münasibətlərin normallaşmasına dair dövlətinin düsturlarını təqdim edib.

Paşinyanın fikirlərinin məğzindən və ağzından çıxan cümlələrin tonundan görmək olur ki, o, əsas maneə kimi Rusiya amilini qabardır.

Nikol Paşinyan verdiyi dörd bəyanatın içində bunların detallarını gizlədir. Paşinyanın dediklərinin bəzilərində üzdə Azərbaycana dair fikirlər keçməsə də, hər halda, məsələni proseslərin bir-birilə əlaqəsi baxımından interpretasiya etmək lazımdır.

Birincisi, Paşinyan Rusiya hərbi bazasının Ermənistandakı mövcudluğunu ölkəsinin suverenliyinə təhdid adlandırır.

İkincisi, baş nazir Rusiyanın dominantlığı altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistanda keçirilməsi nəzərdə tutulan hərbi təlimlərindən imtina edir.

Üçüncüsü, Paşinyan Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini tənqid edir və beynəlxalq kontingentin əvəzedici kimi regiona gəlişi təklifini səsləndirir.

Dördüncüsü, Paşinyan Ermənistanın Rusiya-Belarus İttifaqına qoşulması barədə rəsmi təklif almadıqlarını desə də, reallıqda hər şeyin göründüyü kimi olmadığını bildirir.

Paşinyanın açıqlamaları ilə Ermənistan xoruzun quyruğunu göstərir, dörd detalı birləşdirəndə belə bir qənaətə gəlmək olur ki, Ermənistanın sülh istəkləri Azərbaycanın məntiqi ilə uyuşmamaqda davam edir.

Nədənsə Paşinyan, öz təbirincə desək, Laçın dəhlizindəki təhlükəsizliyi Rusiyanın üzərinə atır, təbii ki, Moskva sülhməramlı kontingentlə 10 Noyabr Bəyanatında təsbit edilmiş funksiyasını yerinə yetirməlidir.

Paşinyan yekunda məsələni Ermənistanın Qarabağdan əl çəkdiyi nöqtəsinə gətirir, onun “Ermənistan Qarabağın taleyini müəyyən etməyə iddialı deyil” deməsi Azərbaycanla Rusiya arasında gedən danışıqlardan asılılıq dərəcəsini qabartmasıdır.

Üstünə bir neçə məqam da qoysaq, Azərbaycan prinsipial iradəsinə sadiq qalaraq çoxvektorlu siyasi xətlə Qarabağdakı açıq qalan məsələlərin sonlanmasına çalışır – həm Avropa İttifaqı, həm ABŞ, həm də Rusiya ilə müzakirələrlə.

Məsələ Rusiyanın Ermənistana təzyiqlərinin miqyasını ölçməkdir və burada Moskva Bakının maraqları ətrafında var-gəl etməyə məcburdur.

Bunu ABŞ və Avropa İttifaqına da aid etmək olar, lakin fərq burasındadır ki, onlar Ermənistana təzyiq etməklə deyil, sadəcə, Azərbaycanın maraqlarını öndə tutmaqla prosesi yönləndirməyə cəhd göstərirlər.

Rusiya isə birbaşa oyunçudur və Ermənistanın ondan qırılıb Qərbin qucağında oturmaq üçün dəridən-qabıqdan çıxmasından bərk narahatdır.

Ermənistanın Zəngəzur dəhlizi layihəsinə Rusiyaya rəqib dövlətləri calayaraq onların dominantlıq qazanmasına çalışması Moskvanın narahatlıqlarını artırır.

Paşinyanın bu gün Zəngəzur dəhlizi barədə verdiyi açıqlamanın strateji məzmunu Qərb əsaslı maraqlar kontekstini özündə ehtiva edə bilər.

Hərçənd ki, Ermənistan hələ də “Zəngəzur” layihəsinə dəhliz məntiqi ilə yanaşan bir mövqeyə yaxınlaşmayıb. Onu da başa düşür ki, Zəngəzur yolu gec-tez Azərbaycanın tələbi, beynəlxalq konyunkturun təklifi əsasında dəhliz prinsipi ilə açılacaq.

İrəvan, sadəcə, heç olmasa Qərbin prioritetlərinin üstünlük təşkil edilməsinə çalışır və özünü Rusiyanın qapazı altından çıxarmaq üçün başqa-başqa formullara müraciət edir.

Azərbaycan üçün Ermənistanın kəsərsiz, məğmun duruşu o qədər maraqlı deyil. Yəni sən dövlət kimi mövcud ola bilmirsənsə, get başqasının müstəmləkəsi ol, amma hazırda rəsmi şəkildə belə statusunun olmadığına görə öhdəliklərinə əməl etmək məcburiyyətindəsən!

Ermənistanda müstəqil siyasi iradə yoxdur və cəmiyyətlə dövlət əl-ələ verərək ağa axtarışına çıxırlar, ancaq onun tarixi qoruyucuları da arxa çevirərək İrəvanı uçuruma itələyirlər.

Belə olan təqdirdə, Azərbaycan:

– Rusiya-Ermənistan gərginliyindən istifadə edəcək;

– Ermənistanın Rusiya-Belarus İttifaqına qoşulması üçün onun başı üzərinə qaldırılan Moskva-Minsk müştərək qılıncından bir vasitə kimi yararlanacaq;  

– Paşinyanın “Azərbaycanla razılaşmıram” tezislərini Ermənistanın üzərinə qaldırılacaq toppuza çevirəcək.

İndi qalır Rusiyanın Ermənistanı cəzalandırmaq üçün hansı qaydalar tərtib edəcəyi…

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir