QARABAGIN XEYIRXAHLIQ MƏLƏYI -150

Baş səhifə

Maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə adını Azərbaycan ictimai fikir tarixinə həkk edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə (19.01.1873 – 06.02.1955) XIX yüzilin sonu, XX yüzilin birinci yarısında xalqımızın milli-mədəni inkişafında ciddi xidmətləri olan xanım aydınlardandır. Onun millətimizin maariflənməsində, ədəbiyyat və mədəniyyətimizin tərəqqisində fədakar əməyi olmuşdur. Həmidə xanım XVIII yüzilin qədim, adlı-sanlı Qarabağ nəslindən, Pənahəli xanın soyundan olan tarixçi Əhməd bəy Cavanşirin qızı və böyük dramaturq, nasir, mühərrir, alovlu publisist, Azərbaycan ədəbiyyatında tənqidi realizm məktəbinin təməlinin qoyulmasında misilsiz xidmətləri olan Cəlil Məmmədquluzadənin həyat yoldaşı idi. Həmidə xanım keşməkeşli bir ömür yolu keçmiş, həyatı boyu qarşılaşdığı müxtəlif maneələrə cəsarətlə sinə gərmiş, həmişə ümumxalq mənafeyini öz şəxsi taleyindən üstün tutmuşdur.
Cəlil Məmmədquluzadənin vəfalı və fədakar ömür-gün yoldaşı, ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, “Molla Nəsrəddin”in xeyirxah himayədarı olmuş Həmidə xanımın xalqının ən çətin günlərində etdiyi xeyirxahlıqlar bu gün də unudulmamış, xatirələrdə dərin iz qoymuşdur.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi aydını, tarixçi Əhməd bəyin ocağında dünyaya göz açmışdır. Atası Əhməd bəy Qarabağ xanlığının bünövrəsini qoyan Pənahəli xan Cavanşirin oğlu Mehrəli bəyin nəticəsi idi. Peterburqda hərbi məktəbi bitirib 6 il rus ordusunda xidmət etdikdən sonra dueldə yaralanan, hərbi qulluqdan ayrılmağa məcbur olan Əhməd bəy Cavanşir doğma Kəhrizli kəndinə qayıtmış, burada 50 il quruculuq işləri, xeyriyyəçiliklə məşğul olmuşdu. 7 “Qarabağnamə”dən ən ünlüsünün – “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərin müəllifi olan, çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində kitab kimi nəşr edilən Əhməd bəy dövrünün görkəmli şəxsiyyətlərindən idi.
Belə bir xeyirxah və maarifpərvər insanın ailəsində dünyaya göz açan Həmidə xanım, xalqına, millətinə sonsuz sevgi və fədakarlığı da atasından mənimsəmişdi. O, hələ yeniyetməlik illərində rus dilini səlis öyrənərək dövrünün qadınları üçün səciyyəvi olmayan yüksək intellekt və zəngin dünyagörüşə sahib olmuşdur. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov komendantı olduğu Qars şəhərində günvurma nəticəsində iflicdən vəfat etmiş, ailə xoşbəxtliyi qəfil bitən, çox sevdiyi ömür-gün dostunu itirən Həmidə xanım atasının təkidilə Kəhrizli kəndinə qayıtmışdı. Qızı Mina və oğlu Müzəffərlə birlikdə atasının yanında yaşamış, lakin altı ay sonra atası Əhməd bəy də sətəlcəmdən dünyasını dəyişərək qızını tək qoymuşdur. İki əziz insanın itkisi Həmidə xanımı dərindən sarsıtsa da, o, özünü ələ alaraq Kəhrizlidə ata mülkünü idarə etmiş, burada böyük işlərə imza atmışdır.
XX yüzilin ilk illərində Qarabağda, o cümlədən Kəhrizli və ətraf kəndlərdə böyük aclıq, kütləvi epidemiya tüğyan edirdi. XIX yüzilin 90-cı illərində Rusiya imperiyasında başlayan qıtlıq və epidemiya bu illərdə Azərbaycana da sirayət etmişdi. Belə təhlükəli vaxtda Həmidə xanım öz xeyirxahlığı ilə həmişə öncül olan aydınlardan biri kimi xalqın imdadına çatmışdı. O, öz faytonu ilə hər bir evə darı, un və digər ərzaqlar paylamış, tauna, qızılcaya qarşı əhaliyə peyvəndlər vurdurmuşdu. Hətta özü peyvənd etməyi öyrənmiş, qızılca çıxaranları peyvəndləmiş, başqa müalicəvi vasitələr də tətbiq edərək insanları ölümün pəncəsindən xilas etmişdi. 1905-ci ildə qıtlıq zamanı Həmidə xanım Qarabağın müsəlman kəndləri ilə yanaşı, aclıqdan əziyyət çəkən erməni kəndlərinə də yardım etmiş, heç bir milli ayrı-seçkilik salmadan, onlara da ərzaq və eləcə də, peyvənd dərmanları aparmışdı. Lakin bu xeyirxahlığı tez unudan ermənilər Qarabağda iğtişaşlar çıxaranda heç kəsə acımadan onları aclıq və xəstəlikdən xilas edən müsəlman kəndlərini də yandırb məhv etmişdilər…
Həmin illərdə yüzlərlə həmyerlisini aclığın və ölümün cəngindən xilas edən bu nəcib qadın saysız-hesabsız körpənin, yeniyetmənin savadlanmasına, iş yeri ilə təmin olunmasına da kömək etmişdi. O, qadınların problemlərinin həllinə xüsusi səy göstərmiş, onların savadlanmasına və müxtəlif çətinliklərini aradan qaldırmağa yardımçı olmuşdu. Gəlin köçən qızlara xüsusi cehiz ərmağanı ayırmağı belə özünə borc bilən Həmidə xanım Cavanşirin xeyirxahlığı, alicənablığı, mərhəməti onu dövrünün ən hörmətli şəxsiyyətlərindən biri kimi tanıtmış, xalq arasında ona böyük nüfuz qazandırmışdı. Həmidə xanımın xeyriyyəçilik işlərinə dövrün ünlü şəxsiyyətləri içərisində dəstək verənlər də olmuş, şöhrəti dörd yana yayılmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev və ictimai-siyasi xadim, jurnalist və pedaqoq, türkoloq Əhməd bəy Ağaoğlu dəfələrlə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin təşəbbüsü və təşkilatçılığı ilə xeyriyyə işlərinə töhfələr vermişdir.
1905-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadə ilə tanış olması Həmidə xanımın həyatında böyük bir yolun başlanğıcı oldu. İki ildən sonra ədiblə ailə quran xan nəsli nümayəndəsi Həmidə xanımın bu izdivacı çoxlarına xoş gəlmədi. Bu nikahı Həmidə xanımın əsilzadə nəslinə yaraşdırmayanlar çox oldu. Lakin Həmidə xanım bütün bu maneələrə cəsarətlə sinə gərib Cəlil Məmmədquluzadəyə bir ömür boyu vəfalı və fədakar həyat yoldaşı, ən yaxın maarifçi məsləkdaş, bir sözlə, həmdəm oldu.
O, “Molla Nəsrəddin”in xeyirxah himayədarına çevrilərək bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına, gördüyü böyük işlərə səxavətlə xərclədi. Bütün maarifpərvər aydınlar kimi o da xalqının yüksəlişinin elm, təhsil yolu, ədəbi və mədəni inkişafla bağlı olduğunu bilirdi. Buna görə də “Molla Nəsrəddin”in xalqının mədəni və ictimai intibahında önəmli amil olduğunu başa düşür, jurnalın davamlı nəşri üçün əlindən gələn köməyi əsirgəmirdi. Jurnalın nəşri üçün şəxsi büdcəsindən vəsait ianə edən Həmidə xanım deyirdi: “Bu gün mən satirik jurnala kömək edirəm, sabah isə o, xalqa kömək edəcək”. Cəlil Məmmədquluzadə daim vurğulayırdı ki, onun uğurlarında Həmidə xanım Cavanşirin böyük payı var. Həmidə xanım Cavanşir-Məmmədquluzadə böyük ədiblə 25 illik sevgi və hörmətə əsaslanan ailə həyatı yaşayıb. Onların qarşılıqlı ehtiramı və eyni yolun məslək yolçuları olması daim bir-birini dəstəkləməsi çətin işlərin öhdəsindən birlikdə gəlmələri ilə nəticələnib. Həmin illərdə ədib cəsarətli jurnal redaktoru kimi qarşılaşdığı təzyiqlərə, kəskin ittihamlara, nadanların hücumlarına Həmidə xanımın mənəvi dayağı sayəsində qalib gəlib. Həmidə xanım C.Məmmədquluzadə kimi görkəmli yazarın həyat yoldaşı olmaqla yanaşı, onun təhlükəsizliyini də qoruyurdu. Yazdığı əsərlərə görə ruhanilər ərinin ölümünə fitva verəndə Həmidə xanım tüfəngçi (cangüdən) tutmuşdu ki, onu qoruya bilsin. Həmidə xanım onun nikbin ovqatının qaynağı, onu həyata möhkəm tellərlə bağlayan ən qüvvətli dost idi. O, ömür-gün yoldaşının ən yaxın məsləkdaşı və Məmmədquluzadələrin ailə tablosunu öz bitkin xarakteri, bütöv şəxsiyyəti ilə tamamlayan mükəmməl qadın idi.
Azərbaycan tarixində ilk məruzəçi qadın kimi də xatırlanan Həmidə xanım Cavanşir-Məmmədquluzadə hər zaman ədəbiyyat və mədəniy­yətimizin nümayəndələrinə xüsusi həssaslıqla yanaşmışdır. Böyük satirik şair Mirzə Ələkbər Sabir xəstəlikdən əziyyət çəkdiyi illərdə məhz Həmidə xanımın məsləhəti ilə Cəlil Məmmədquluzadə tərəfindən Tiflisə müalicə üçün dəvət olunmuşdu. Sabir Tiflisdə qaldığı vaxt Həmidə xanım ona ana, bacı qayğısını əsirgəməmiş, onun qulluğunda dayanmışdır. Ailə həm də Sabirin müalicəsinin maddi tərəfini qarşılayırdı. Bundan təsirlənən dahi bəstəkar Üzeyir bəy Hacıbəyli xüsusi məqalə də yazmışdı. Üzeyir bəy Həmidə xanımın şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdiyini məhəbbətlə vurğulayırdı. “Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da”… – deyərək, belə bir münasibətsizliyi qınayan dahi sənətkar, Həmidə xanımın timsalında bir qadının şairin sağlamlığı qayğısına qalmasını “Qoy ədəbiyyat tarixinə yazılsın!” şəklində qeyd edirdi. Həmidə xanım Cavanşir-Məmmədqu­luzadənin xeyirxahlığı, insanpərvərliyi ilə bağlı belə faktlar yetərincə çoxdur. Sonralar Sabirin özü də bu hadisəni Abbas Səhhətə yazdığı məktubda ehtiramla xatırlayır, Mirzə Cəlil və Həmidə xanımdan çox razılıq edirdi: “Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”.
Həmidə xanım həm də alovlu bir vətənpərvər, türkçülük aşiqi idi. Hətta türkçülük haqqında bəhs etməyin təhlükəli olduğu vaxtlarda o, xatirələrində Nuru Paşadan bəhs edirdi. O, yazırdı: “Təqribən mayın ortalarında Mirzə Cəlil adəti üzrə Ağdama getdi. Axşamçağı isə evə tanımadağımız bir gənclə qayıtdı. Sən demə, bu, Nuru Paşa imiş. Cəlil onunla Ağdamda tanış olmuşdu. Sözarası paşa ona demişdi ki, iki aydır istirahət görmür, çox yorğundur. Paşa çox istəyirmiş ki, hardasa bir az dincəlsin. Belə də Mirzə Cəlil paşanı kəndə dincəlməyə dəvət edir və onlar birlikdə gəlirlər. Nəhayət, söz-söhbət dolaşdı ki, türklər gəlirlər. Türklər ölkədə nizam-intizam yaratmaq və Şuşa yolunu açmaq üçün gəlirdilər. Hər kəs türklərin gəlişini gözləyir və Şuşada böyük bişavaz tədbirləri görülürdü. Şəhər bəzədilmiş, qala qapılarının girəcəyində bir neçə zəfər tağı bəzədilmişdi. Bu zəfər tağlarından birini Şuşa qadınları adından mən ucaltmışdım. Ağ kəlağayımın üzərinə tikmə naxışla hilal və ulduz salmış və türkcə belə bir şuar yazmışdım: “Gün gələcək, həqiqət günəşi doğacaq, əsarətdə qalan Ana – Şərq istiqlal qazanacaq”!
Həmidə xanım səriştəli pedaqoq kimi də xalqın sevimlisi olmuşdu. O, 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına açdığı məktəbdə dərs deyir, yeni savadlı nəsillərin yetişməsinə əmək sərf edirdi; lakin sovet hakimiyyətinin qurulması bir çox zadəgan ailələrinin nümayəndələri kimi, Həmidə xanımın da həyatına zərbələr vurdu. Onun doğma kəndindəki ata-babadan qalma torpaqları müsadirə olundu, zadəgan əsilli olduğundan səsvermə hüququ əlindən alındı. Bu səbəbdən Bakıya köçməyə məcbur qalan Həmidə xanım, ömrünün sonunadək burada yaşamalı oldu.
O, Cəlil Məmmədquluzadənin vəfatından sonra da ictimai fəallığına davam etmiş, Azərbaycanın ədəbi-mədəni həyatında fəal mövqe tutmuşdu. Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, həyat yoldaşının əsərlərini tərcümə etmiş, ədiblə, bağlı dəyərli “Xatirələrim” kitabını yazıb nəşr etdirmişdi. Bu kitab həm də onun yazıçı-publisist istedadının bariz göstəricisi idi. O, eyni zamanda xalq yaradıcılığı nümunələrinin böyük hissəsini toplamış folklorçu kimi də ədəbiyyat tariximiz üçün mühüm işlər görüb.
Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1955-ci il 6 fevral tarixində vəfat etmiş, Fəxri Xiyabanda mənəvi dayağı olduğu ömür-gün yoldaşı Cəlil Məmmədquluzadənin məzarının yanında dəfn olunmuşdur. O, 82 illik ömrünü şam kimi vətənin xoşbəxt sabahları uğrunda yandırdı. Vətən də bu nəcib xanım aydınının xidmətlərini unutmadı, adını əbədiləşdirdi, örnək ömür yolunu, gördüyü işləri bir-birindən dəyərli kitablarda, tədqiqatlarda tarixləşdirdi. Fəaliyyəti haqqında monoqrafiya və dissertasiyalar yazıldı, ABŞ-da yaşayan alim, əslən Güney Azərbaycandan olan Dr.Həsən Cavadi xatirələrini ingiliscəyə çevirdi. Bu gün Ağcabədi rayonunun Kəhrizli kəndində – doğulub-böyüdüyü, Mirzə Cəlillə də ən xoşbəxt günlərini yaşadığı 4 otaqlı evin muzey kimi fəaliyyət göstərməsi, ondan yadigar qalan əl işləri, tikmələr, məişət əşyaları, ailə fotoarxivi və əlyazmaların qorunub saxlanması, Bakının Sabunçu rayonunun küçələrindən birənə adının verilməsi Qarabağın xeyirxahlıq mələyinə dövlət qayğısının və xalq sevgisinin təzahürüdür.

RUHU ŞAD OLSUN!

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir