İrandan qeyri-qanuni yolla Azərbaycan Respublikasının Şəmkir rayonu ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov resmixeber.az-a məlumat verib.
Bildirilib ki, Şəmkir rayon sakinləri olan 2 nəfər yetkinlik yaşına çatmayan şəxs və Emin Mustafaoğlu narkotik vasitəni 1000 manat pul və odlu silah qarşılığında ölkənin digər rayonlarına aparmağa razılaşıblar.
Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman üzərlərindən 1 kq 320 qram heroin, 1 kq 585 qram marixuana, 49 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitəni odlu silah və pul müqabilində çatdırılması barədə razılıq əldə etdiklərini lakin narkotik vasitəni götürən zaman silahın olmamasını bildiriblər.
Bundan başqa, şöbə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Tovuz rayon Xatınlı kənd sakini Yaşar Əliyevi saxlayıb. Saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 5 bükümdə, müxtəlif çəkilərdə narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
www.RESMIXEBER.az