Rekvizit pullarla bağlı problem yenidən gündəmə gəlib: insanlar sosial şəbəkədə videolar paylaşaraq saxta pullarla aldadıldıqlarını qeyd edirlər.
Kimlərsə deyə bilərlər ki, bu, mümkün deyil, saxta pulların üzərində “etibarsızdır” yazısı həkk olunub. Amma görünən odur ki, o yazını müxtəlif vasitələrlə silmək və ya üzərini örtmək elə də çətin olmayıb. Aldadılanlar arasında taksi sürücüləri, mağaza sahibləri və digərləri var.
Xüsusilə də rayon yerlərində saxta pullardan istifadə edərək insanları aldadırlar. Bəs onlara dəymiş ziyanı kim ödəyəcək?
Bir müddət əvvəl satışda olan saxta pullarla bağlı araşdırma aparmışdıq. Lakin təəssüf ki, bu saxta əsginasların satışının qadağan edilməsi ilə bağlı heç bir qanuni tələb yoxdur. Fırıldaqçılar “etibarsızdır” sözünü səliqəli şəkildə pozaraq saxta pulları həqiqi əsginasların dövriyyəsinə qatırlar.
Bəs görəsən, bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Qanunvericilik bu vəziyyəti necə tənzimləyir? Daxili İşlər Nazirliyi bu istiqamətdə hansı addımları atır?
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev resmixeber.az-a açıqlamasında bildirib ki, qiymətli kağızları hazırlama, əldə etmə və satma Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə tənzimlənir:
“Bu qanun pozuntusuna yol verən şəxs və ya şəxslər səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Lakin üzərində “etibarsızdır” yazılan, əsli ilə kəskin surətdə fərqlənən pul əsginaslarının kolleksiya və ya hər hansı başqa məqsədlə hazırlanması qanunla qadağan edilmir. O şərtlə ki, yenə qeyd edirəm, üzərində “etibarsızdır” yazılmalı və əslindən kəskin surətdə fərqlənməlidir. Nəzərə almaq lazımdır ki, belə əsginasların üzərindən “etibarsızdır” yazısının silinməsi, saxta puldan ödəniş vasitəsi kimi istifadə etmək üçün əslinə oxşadılması cinayət məsuliyyəti yarada bilər.
Bundan başqa, saxta ödəniş vasitələrinin tədavüldə olması nəticəsində bazar münasibətlərində müxtəlif subyektlərin iqtisadi mənafeyinə ziyan vurulur. Ölkədə dövriyyədə olan həm xarici, həm də milli valyutaya hər hansı şəxslər tərəfindən vurula biləcək ziyanın qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları zəruri tədbirlər görməlidirlər”.
Hüquqşünas onu da əlavə edib ki, pulun saxtalaşdırılması əsginasın sıfırdan kimsə tərəfindən hazırlanması demək deyil:
“Saxta əsginasların üzərindəki “etibarsızdır” sözünün silinməsi də pulun saxtalaşdırılması kimi qiymətləndirilməlidir. Bu pulların qismən və ya tamamilə saxtalaşdırılması, hazırlanması həmin əməlin kriminallığına işarədir.
Əsginasın açıq-aşkar saxta olduğu görünürsə, sadəcə, qarşı tərəfin diqqətsizliyi səbəbindən aldanma halları baş veribsə, bu zaman əməl dələduzluq cinayəti kimi qiymətləndirilə bilər. Bu hallarda vətəndaşlar diqqətli olmalı, dərhal polisə məlumat verməlidirlər. Ümumilikdə isə saxta əsginasın üzərindəki “etibarsızdır” ifadəsinin pozularaq həqiqi pul kimi bir nüsxəsinin belə, istifadəsi Cinayət Məcəlləsinin 204-cü maddəsi ilə cinayət tərkibi yarada bilər”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov resmixeber.az-ın sorğusuna cavab olaraq bildirib ki, yerli və xarici valyutaların saxta nümunələrini, əsginaslarını hazırlayaraq dövriyyəyə buraxan şəxslərə qarşı daim polis əməkdaşları tərəfindən mübarizə tədbirləri aparılıb:
“Bu əməliyyatlar barədə məlumatlar mütəmadi olaraq ictimaiyyətə təqdim olunur. Sosial şəbəkələrdə paylaşılan videolara gəlincə isə orada aldadıldıqlarını bildirən şəxslərin bu barədə ərazi üzrə polis orqanlarına müraciət etmələrini tövsiyə edirik. Amma istənilən halda həmin videolarla əlaqədar, yəni müxtəlif şəxslərə saxta əsginasların verilməsi ilə bağlı artıq polis orqanları araşdırmalara başlayıblar”.
Qeyd edək ki, saxta əsginasları ayırd etmək üçün aşağıdakı videoda qeyd edilən məqamlara diqqət etmək lazımdır:
Könül Cəfərli
www.RESMIXEBER.az