“Əsas hədəf və məqsəd xalqımızın rifah halının daha da yaxşılaşdırılması, gücləndirilməsidir” – RƏY + FOTO

Siyasət

“Prezident İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncamında əsas hədəf və məqsəd xalqımızın rifah halının daha da yaxşılaşdırılması və gücləndirilməsidir”.

Bunu “resmixeber.az”a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O, son illər Azərbaycanda vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq müxtəlif tədbirlər həyata keçirildiyini xatırladıb.

Deputat vurğulayıb ki, 2023-cü ilin ən önəmli hadisələrindən biri də ölkə vətəndaşlarının maaş, pensiya və müavinətlərinin davamlı olaraq artırılması hesab oluna bilər:

“Bu səbəbdən dövlət büdcəsinin əhəmiyyətli bir hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinin artırılmasına yönəldilib. Bu gün biz qısa zaman kəsiyində pensiyaların baza hissəsinin artdığının şahidi oluruq. Minimum əməkhaqqının 300 manatdan 345 manata qədər qaldırılması isə özlüyündə əhəmiyyətli hadisə hesab olunmalıdır”.

C.Məmmədov hazırda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgəsində böyük quruculuq və abadlıq işlərinin həyata keçirildiyini söyləyib. O, bununla yanaşı, paralel olaraq dövlətimizin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması yönündə diqqət və qayğısının da davam etdirildiyini bildirib:

“Eyni zamanda müxtəlif istiqamətlər üzrə artımlar dedikdə burada yüzminlərlə insanın alacağı məvacibdəki artımdan söhbət gedir. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsas prioritet istiqaməti vətəndaşların rifah halının daha da yaxşılaşdırılmasıdır. Ölkə rəhbərliyi həmin məsələlərə olduqca həssas və diqqətlə yanaşır. Bu gün Azərbaycan bu sahədə bir sıra ölkələrdən çox öndədir və sözügedən proses bütövlükdə əhalinin güzəranının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərəcək”.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15% artırılaraq 300 manatdan 345 manata çatdırılıb.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu (246 manat) da 40,2% üstələyir.

Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək.

Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7% artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.

Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.

Ümumilikdə, bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir