
Bakı.Trend:
İsveçrənin ABB şirkəti bp-nin Səngəçal terminalının
elektrikləşdirilməsi layihəsində iştirakdan qürur duyur.
Trend xəbər verir
ki, şirkətin strateji satışlar və əsas müştərilər üzrə meneceri
Ceyms Hezerinqton 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi
çərçivəsində keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, bp hazırda terminalın elektrik təchizatını
təmin edən qaz turbinlərini istismardan çıxarır və obyekti
Azərbaycanın milli enerji sisteminə qoşur.
C. Heterinqton qeyd edib ki, şəbəkəyə qoşulma enerji
təchizatının sabitliyində və gərginlikdə mümkün dalğalanmalar üçün
risklər yarada bilər.
O bildirib ki, ABB bu risklərin qarşısını almaq üçün sinxron
kompensator əsaslı həll təklif edib; bu texnologiya terminalın və
Xəzər dənizindəki dəniz aktivlərinin elektrik təchizatında
fasilələrin qarşısını almağa imkan verəcək.
“Biz bp və tərəfdaşlar tərəfindən Azərbaycanda Səngəçal
terminalında bu layihənin həyata keçirilməsi üçün seçilməkdən çox
qürur duyuruq. Bu, şirkətimiz üçün həqiqi uğurdur”, – deyə C.
Hezerinqton bildirib.
Xatırladaq ki, 2025-ci ildə ABB bp-dən Səngəçal terminalının
elektrikləşdirilməsi və enerji sisteminin sabitliyinin
dəstəklənməsi üzrə müqavilə əldə edib.
Qeyd edək ki, STEL (Sangachal Terminal Electrification) layihəsi
bp tərəfindən Səngəçal terminalının operatoru kimi icra edilir və
idarə olunur.
Layihənin tamamlanması iki mərhələdə nəzərdə tutulur: birinci
mərhələ 2027-ci ilin ortalarınadək, ikinci mərhələ isə 2028-ci ilin
sonunadək başa çatdırılacaq.
Layihə “Şəfəq” günəş elektrik stansiyası ilə sıx bağlıdır və
Azərbaycan Respublikasının Cəbrayıl rayonunda 240 MVt gücündə yeni
günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur. Layihələr
arasında əlaqə yeni kommersiya modeli – virtual elektrik
enerjisinin ötürülməsi mexanizmi (Virtual Power Transfer
Arrangement) vasitəsilə təmin ediləcək. Bu mexanizm Səngəçal
terminalının “Azərenerji” tərəfindən idarə olunan milli şəbəkəyə
həm terminal ərazisində, həm də ondan kənarda inşa ediləcək yeni
infrastruktur, o cümlədən 220/110 kV-luq yeni yarımstansiya
vasitəsilə qoşulmasına imkan verəcək.

