WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On
Üçüncü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Kiçik və
orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin
qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi”
mövzusunda panel müzakirəsi keçirilib.

Biznes və İnnovasiya Mərkəzində təşkil olunmuş tədbirdə dövlət
qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, sahibkarlar
və şəhərsalma üzrə mütəxəssislər iştirak ediblər.

WUF13 çərçivəsində müvafiq mövzuda panel müzakirənin təşkilində
əsas məqsəd KOB-ların dayanıqlı şəhər inkişafında rolunun
gücləndirilməsi, inklüziv və davamlı şəhər mühitlərinin
formalaşdırılmasına töhfələrini artırmaqdır.

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə
Heyətinin sədri Emin Dostiyarinin moderatorluğu ilə keçirilən
tədbirdə İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və
Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra
Zümrüt Selçuk, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov,
“Global Oracle Association for Leaders” təşkilatının təsisçisi və
prezidenti Leyla Bağırzadə, sənayenin davamlılığı və dairəvi
iqtisadiyyat üzrə ekspert Ayaz Salmanov, Beynəlxalq Təbiətin
Mühafizəsi İttifaqının Şəhər üzrə Baş Proqram rəhbəri Loredana
Skuto, “Rotas Consulting” şirkətinin idarəedici partnyoru Emil
Məcidov və “Synergy Consulting Infrastructure & Financial Advisory”
şirkətinin ölkə üzrə direktoru Rüfət Qəmbərov çıxış ediblər.
Çıxışlarda KOB-ların şəhərlərin dayanıqlı inkişafında mühüm rol
oynadığı, onların şəhərsalma siyasətlərində daha fəal iştirakının
təmin olunmasının vacibliyi vurğulanıb. KOB-ların innovasiya, yaşıl
texnologiyaların tətbiqi, dairəvi iqtisadiyyat, resurs səmərəliliyi
və rəqəmsallaşma vasitəsilə şəhərlərin daha dayanıqlı və inklüziv
inkişafına mühüm töhfə verə biləcəkləri qeyd olunub. Eyni zamanda
çıxışlarda KOB-ların maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsi, institusional dəstəyin gücləndirilməsi və
beynəlxalq əməkdaşlığın artırılması zəruri istiqamətlər kimi
diqqətə çatdırılıb və tədbir iştirakçılarının sualları
cavablandırılıb.