Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatının bir günündə 5 medal qazanıblar

Baş səhifə

Bakı. Trend:

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U-17 Avropa
çempionatı sona yaxınlaşır.

Trend-in
məlumatına görə, altıncı yarış günündə sərbəst güləş üzrə 48, 55,
65, 80 və 110 kiloqramda medalçılar müəyyənləşib. Millimizin 5 üzvü
fəxri kürsüyə qalxıb.

Hüseyn Rzazadə (48 kiloqram) finalda ukraynalı Volodimir Boykoya
heç bir şans tanımayıb. Rəqibinə vaxtından əvvəl (12:0) qalib
gələrək Avropa çempionu olub.

Abbas Şəfiyev (55 kiloqram) macarıstanlı Kiril Şumeykonu 13:7
hesabı ilə üstələyərək bürünc medalı boynundan asıb.
Rəşid Nazarov
(65 kiloqram) finalda rusiyalı Maksim Monquşa (2:14) məğlub olub və
gümüş medalla kifayətlənib.

Nihad Süleymanlı (80 kiloqram) finalda türkiyəli Emirhan Çayıra
tam üstünlüklə (10:0) qalib gələrək fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb.

Hakim Tağıyev (110 kiloqram) isə bürünc medal görüşündə
belaruslu Daniil Jivuladan güclü olub – 3:1.




Bu gün, həmçinin 45, 51, 60, 71 və 92 kiloqramda finalçılar
müəyyənləşib.

Tunar Həsənov (45 kiloqram) gürcüstanlı Mkrtiç Canamyanı (3:2)
mübarizədən kənarlaşdırsa da, 1/4 finalda ukraynalı Marko Kvasniuka
(0:2) məğlub olub. Tunar sabah bürünc medal uğrunda türkiyəli Buğra
Eldemirlə güləşəcək.

İbrahim Həsənov (51 kiloqram) ukraynalı Boqdan Kazakov (10:0),
rusiyalı Xalid Sonqurbekov (12:0) və belaruslu Yanis Şapartauya
(10:0) tam üstünlüklə qalib gələrək finala yüksəlib. İbrahim
həlledici görüşdə türkiyəli Muhammed Gölhayla üz-üzə gələcək.

Vahid Məmmədov (60 kiloqram) ispaniyalı Samvel Qorqyana tam
üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda polşalı Vitold
Pavlikə sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Tunar
Quliyev (71 kiloqram) debütdə ermənistanlı Avetik Tutxalyana (2:15)
uduzub.

Elgün Kərimli (92 kiloqram) ermənistanlı Artur Mkrtçyana (8:0)
qalib gəlsə də, 1/4 finalda rusiyalı Abdurazak Şabanovla bacarmayıb
– 4:15. Elgün sabah təsəlliverici görüşdə belaruslu Timur
Mirzəyevlə qarşılaşacaq.