İraqdakı bazamıza raket hücumu olub – İtaliya müdafiə naziri

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə eskalasiyaların davam etməsi fonunda İtaliyanın
Müdafiə naziri Quido Krozetto İraqın Ərbil şəhərində yerləşən
İtaliya bazasına zərbə endirildiyini bəyan edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

İtaliyalı MN rəhbəri zərərçəkənlərin olmadığını təsdiqləyib.

“Raket Ərbildəki bazamıza düşüb. İtalyan personalı arasında ölən
və ya yaralanan yoxdur. Hamı təhlükəsizlikdədir”, – ANSA agentliyi
onun sözlərinə sitat gətirib.

İtaliyanın xarici işlər naziri isə dəqiqləşdirib ki, Ərbildəki
İtaliya bazası digər ölkələrin bazalarını da əhatə edən kompleksin
tərkibində yerləşir. “Zərbənin italiyalıları hədəf alıb-almadığını,
yoxsa ümumilikdə bütün bu struktura yönəlib-yönəlmədiyini
bilmirik”, – deyə o bildirib.




Onun sözlərinə görə, raketin İran ərazisindən
buraxılıb-buraxılmadığı və ya İraqda fəaliyyət göstərən İranmeyilli
qruplaşmalar tərəfindən atılıb-atılmadığı hələlik məlum deyil.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.