
Bakı. Trend:
Fevralın 14-də Gürcüstanın Batumi şəhərində GFC (Georgian
Fighting Championship) və “Grand Bellagio Championship” turniri
keçirilib.
GFC-dən Trend-ə
verilən məlumata görə, çempionatda iki azərbaycanlı idmançı
mübarizə aparıb. Gecənin ən maraqlı qarşılaşması Gürcüstanda
yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda uğurla
təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu,
“Professor” ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souza
arasında baş tutub.
Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitində
keçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək inamlı
qələbə qazanıb. Bununla da o, MMA karyerasında ardıcıl üçüncü
qalibiyyətini rəsmiləşdirib.
Gecənin digər azərbaycanlı qalibi isə Elvin Kamilli olub. O,
gürcü idmançı Sandro Datanaşvilini məğlub edərək Azərbaycan
komandasına növbəti qələbəni qazandırıb.
Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə,
Qazaxıstan, Slovakiya, İsrail və Braziliyadan olan idmançılar
qüvvələrini sınayıblar.
Tədbiri izləmək üçün Azərbaycandan tanınmış idmançılar və
məşqçilər, həmçinin Azərbaycanın Gürcüstandakı səfirliyinin və
Batumidəki Baş konsulluğunun nümayəndələri, eləcə də yerli icma
təmsilçiləri Batumi şəhərinə səfər ediblər.


