
Bakı. Trend:
Azərbaycan və Serbiya arasında ikitərəfli iqtisadi əlaqələrdə
əhəmiyyətli artım müşahidə olunur.
Trend xəbər
verir ki, bu barədə Serbiyanın Azərbaycandakı səfiri Draqan
Vladisavljeviç Serbiyanın Dövlət Müstəqilliyi və Silahlı Qüvvələr
Günü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, Serbiya müasir, yaxşı təşkil və təchiz
olunmuş ordu qurmaq üçün böyük səylər və resurslar sərf edir.
“Bu gün, biz Milli Günümüzlə yanaşı, həmçinin Serbiya Silahlı
Qüvvələri Gününü də qeyd edirik. İki əsrdir ki, azadlığımızı və
tərəqqimizi qoruyan cəsur ordumuza hörmətimizi bildiririk: həm sülh
dövründə, həm də müharibə dövründə. Güclü ordu və sabit
iqtisadiyyatla yanaşı, suverenliyimizin və xarici siyasətimizin
digər təməli çoxsaylı dostluq və əməkdaşlıq körpüləridir ki, biz
onları inkişaf etdirməyə nail olmuşuq. Bu dostluq əlaqələri
arasında xüsusilə qiymətli olanlar, vaxt və şərait sınağından
keçənlərdir”, – deyə o qeyd edib.
D. Vladisavljeviç vurğulayıb ki, bu əlaqələrdən biri də əsas
çağırışlar və ümumi dəyərlər üzrə tam qarşılıqlı anlaşmaya
əsaslanan Azərbaycanla olan əlaqələrdir.
“İkitərəfli əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb,
xarici siyasət fəaliyyətinin və qarşılıqlı maraq doğuran
məsələlərin tam koordinasiyası həyata keçirilir. Son illərdə biz
siyasi fəaliyyətin, qarşılıqlı səfərlərin və rəsmi şəxslər arasında
əlaqələrin əhəmiyyətli dərəcədə canlanmasını və ikitərəfli iqtisadi
əlaqələrin və ticarət həcminin artdığını müşahidə edirik. Bunu
nəzərə alaraq, əminəm ki, hər növbəti Serbiya Respublikasının
Dövlət Müstəqilliyi Gününü biz Azərbaycan Respublikası ilə daha
intensiv və mühüm əməkdaşlıq və dostluq şəraitində qeyd edəcəyik”,
– deyə o bildirib.


