
Bakı.Trend:
Azərbaycanda ilk televiziyanın fəaliyyətə başlamasından 70 il
ötür. Bu əlamətdar yubiley münasibəti ilə “Azərbaycan Televiziya və
Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin fədakar
kollektivinin hər bir üzvünü təbrik edir, 70 il əvvəl əsası
qoyulmuş ənənələrə sadiqlikdən məmnunluğumuzu bildiririk.
Azərbaycan Televiziyası respublikamızın ötən 70 ildəki tarixinin
şahidi olmaqla yanaşı, bu tarixin şanlı səhifələrinin yazılmasında
bilavasitə iştirak edib. Yüksək peşəkarlığa, özünəməxsus efir
mədəniyyətinə əsaslanmış bu iştirakçılıq mavi ekranın milyonların
qəlbinə yol tapmasını şərtləndirib. Son dərəcə müstəsna ictimai
məzmun daşıyan belə bir missiya televiziya mühitimizi intellektual
məkana, ziyalı sözünün möhtəşəm tribunası çevirib. O tribunaya ki,
həm də Azərbaycanın azadlığı ideyasını qürurla daşıyıb və onun
reallaşmasına əvəzsiz jurnalist dəstəyini göstərib.
Trend xəbər
verir ki, bu barədə Mətbuat Şurasının Azərbaycan Televiziyasının 70
illiyi ilə bağlı təbrik məktubunda deyilir.
Bildirilir ki, Azərbaycan Televiziyasının peşəkar dəst-xətti
müstəqil respublikamızda hüquqi dövlət və demokratik cəmiyyət
quruculuğu prosesinin dərinləşməsinə göstərilən töhfənin bənzərsiz
nümunəsidir. Bu nümunənin özü də bir ənənədir. Tam qətiyyətlə demək
olar ki, AZTV həm də öz ənənəsini yaradan media orqanıdır. Elə bir
ənənə ki, ümumən ölkəmizin televiziya məkanının hər guşəsində onun
müxtəlif təzahürləri var. Ona görə də 70 illik yubiley bütövlükdə
bu məkanda fəaliyyət göstərən şəxslərinin hər birinin bayramıdır və
onlara təşəkkür duyğularımız sonsuzdur.
Azərbaycan Televiziyasının hazırkı fəaliyyəti ana dilimizin
saflığının qorunmasının misilsiz praktik örnəyidir. Onun hər
veriliş və proqramları bu dəst-xəttin çoxsaylı göstəriciləri ilə
zəngindir. AZTV, eyni zamanda, müasir informasiya
texnologiyalarının tətbiq platformasının, dövrün tələblərinə
uyğunlaşmanın, keçmişlə müasirlik arasındakı vəhdətin uğurlu
modelidir. Bütün bunlar, həmçinin, yayım siyasətini yeni
texnologiyalar əsasında qurma öncüllüyü AZTV-ni nəinki ölkəmizdə,
ümumən dünyada populyar media orqanına, daim dəyişən və inkişaf
edən Azərbaycanla bağlı etibarlı informasiya mənbəyinə çevirib.
Əməli fəaliyyəti ilə əsl telejurnalistika məktəbi adını daşıyan
Azərbaycan Televiziyasının rəhbərliyini və əməkdaşlarını bir daha
təbrik edir, onlara ən xoş və səmimi arzularımızı çatdırır, 70
illik yubiley sevincinin yeni uğurlara və müvəffəqiyyətlərə vəsilə
olmasını diləyirik.


