
Azərbaycanda bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün onların maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac var.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bi gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.
“2025-ci ildə dövlət büdcəsindən yerli özünü idarəetmə orqanlarına 7,5 milyon manat dotasiya ayrılıb. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu, hər bələdiyyyəyə ildə orta hesabla 10 min 950 manat, aydaisə 912 manat ayrılması deməkdir. Bu isə o deməkdir ki, bələdiyyələrin maliyyə təminatının gücləndirilməsinə ehtiyac var. Təbii ki, büdcədən kənar maliyyə mənbələrinin bu kontekstdən şaxələndirilməsi vacibdir”, – deyə o qeyd edib.
Deputatın sözlərinə görə, ötən il bələdiyyələrin torpaq və əmlak vergisindən daxilolmaları 26 % artıb: “Bu təbii ki, müsbət məqamdır və bələdiyyələrin maliyyə müstəqilliyinin güclənməsi onların fəaliyyətinin daha genişlənməsinə səbəb ola bilər. Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki, bələdiyyələrin fəaliyyəti daxil olmaqla digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir”.
“Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın məbləği ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir. Hesabatdan da görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir”, – deyə V.Bayramov əlavə edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


