
Bakı. Trend:
Azərbaycanda Merlər Razılaşması təşəbbüsünə maraq artır.
Trend xəbər
verir ki, bunu bu gün Merlər Razılaşması – Şərq Tərəfdaşlığı
təşəbbüsünün komanda rəhbəri Kristof Frerinq “Merlər Razılaşması –
Şərq Tərəfdaşlığı” təşəbbüsü ilə bağlı keçirilən tədbirdə
bildirib.
O qeyd edib ki, Merlər Razılaşması çərçivəsində həyata keçirilən
tədbirlərin əsas məqsədi şəhərləri məlumatlı qərar qəbul etmək üçün
zəruri biliklərlə təmin etməkdir: “Azərbaycandan marağın artdığını
müşahidə edirik. Bizim rolumuz bələdiyyələrın təşəbbüsə
qoşulub-qoşulmamaq və bunu hansı şəkildə etmək barədə qərar
vermələrı üçün aydın məlumat, praktiki alətlər və real nümunələr
təqdim etməkdir”.
K. Frerinqin sözlərinə görə, hazırda Azərbaycanda Merlər
Razılaşması təşəbbüsünə qoşulmuş 11 bələdiyyə var və onlardan 7-si
artıq fəaliyyət planı hazırlayıb: “Bu, olduqca yaxşı göstəricidir.
Paytaxt şəhərin hələ təşəbbüsə qoşulmaması səbəbindən əhatə olunan
əhali faizi nisbətən aşağıdır, lakin bu, gələcəkdə dəyişə
bilər.
Bu 11 şəhər üzrə planlaşdırılan tədbirlər nəticəsində 1,3
milyard ton CO₂ emissiyasının azaldılması nəzərdə tutulur. Bu
rəqəmi daha aydın təsəvvür etmək üçün qeyd etmək olar ki, bu təsir
1,4 milyard ağacın əkilməsinə, 20 milyon avtomobilin istifadədən
çıxarılmasına, 1 milyarddan çox lampanın dəyişdirilməsinə
bərabərdir”.
Təşəbbüsün komanda rəhbəri qeyd edib ki, Merlərin Razılaşması
təşəbbüsü Avropa İttifaqı və “Bloomberg Philanthropies” tərəfindən
dəstəklənən qlobal bir platformadır və bu gün dünya üzrə 12 mindən
artıq yerli hökuməti birləşdirir: “Merlər İcmasının əsas üzvləri
bələdiyyələrdir. Çünki enerji istehlakı və qənaət məhz şəhərlərdə,
qəsəbələrdə və kəndlərdə baş verir. Bələdiyyələr olmadan bu
təşəbbüsün mövcudluğu mümkün deyil”.
K.Frerinq vurğulayıb ki, qlobal olaraq iqlim sahəsində hədəflər
Avropa İttifaqının (Aİ) strategiyasına uyğun olaraq 2030-cu ilə
qədər emissiyaların 55%-dək azaldılmasına çatdırılıb: “2025-ci ildə
biz həmçinin Aİ strategiyasına uyğun olaraq iqlim neytrallığı
məqsədlərini qəbul etdik. Aİ üçün bu hədəf 2050-ci ilə qədər 80-95%
azalmadır. Bu, çox iddialıdır. Amma biz dedik ki, 2050-ci ilə qədər
60 % azalmaya nail olmağı hədəfləyirik. Beləliklə, 2050-ci il
çatana qədər birlikdə işləmək üçün hələ çox vaxtımız var”.


