Məhkəmə Qiymətləndiricilər Palatasının qərarını qanunsuz saydı

Baş səhifə

Bakı. Trend:

2026-cı il fevralın 11-də Yasamal Rayon Məhkəməsi Azərbaycan
Qiymətləndiricilər Palatası tərəfindən “Azərekspertiza” Birliyi
haqqında qəbul edilmiş qərarı qanunsuz hesab edib.

Trend xəbər verir ki, məhkəmə
qərarına görə, Palatanın rəsmi portalında “Azərekspertiza”nın
“fəaliyyəti dayandırılmış qiymətləndirici təşkilat” kimi qeyd
edilməsi qanunsuz hesab edilib.

Bundan əlavə, qiymətləndirmə palatasının rəsmi veb-səhifəsində
təkzib mətninin dərc edilməsi və “qiymətləndirici təşkilatlar”
siyahısına Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının
“Azərekspertiza” Birliyini əlavə etmələri qərara alındı.




Araşdırma zamanı müəyyən edilmişdir ki, “Qiymətləndirmə
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanununa uyğun
olaraq Qiymətləndiricilər Palatasının qeyri-kommersiya hüquqi şəxsi
kimi qiymətləndirici təşkilatların fəaliyyətinə xitam verməsi,
ləğvetməsi və ya tərəfindən digər tədbirlərin tətbiqi qanunla
nəzərdə tutulmayıb.

Qiymətləndirmə fəaliyyəti sahəsində şəffaflıq və qanun –
etimadın təməli və bütün sistemin sabitliyinin əsas təminatıdır.
Məhz bu məqsədlər üçün Azərbaycan Qiymətləndiricilər Palatası
yaradılmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, bu gün biz buna
əks prosesin şahidi oluruq. Qanunu qorumalı olan təşkilat özü onu
pozmağa başlayıb.

50 ildən çox bu sahədə fəaliyyət göstərən “Azərekspertiza”
Birliyi məhkəmə qərarını qanunun aliliyinin və qiymətləndirmə
sahəsində hüquqi dəqiqliyin təminatı baxımından əhəmiyyətli hesab
edir və gələcəkdə yenidən bu kimi qanun pozuntuları yaşanarsa
hüquqlarının qorunması üçün qanuni vasitələrdən istifadə
edəcək.