Milli İncəsənət Muzeyində Elmira Axundovanın yaradıcılıq gecəsi keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Milli İncəsənət Muzeyində muzeyin və Yasamal
rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə
təşkilatçılığı ilə xalq yazıçısı, əməkdar jurnalist, publisist və
ictimai-siyasi xadim, dövlət ordenləri və beynəlxalq mükafatlar
laureatı Elmira Axundovanın yaradıcılıq gecəsi təşkil olunub.

Trend Life-ın məlumatına görə, “Muzeydə mühazirə” formatında
nəzərdə tutulan iki saatlıq tədbir canlı və maraqlı interaktiv
təqdimata çevrilib.

Ədəbi qiraətlər, xatirələr, yazıçının yaradıcılıq yolu haqqında
söhbətlər auditoriya ilə dialoq şəraitində aparılıb, gənc
istedadların musiqi nömrələri isə Ulu Öndər Heydər Əliyevin sevdiyi
bəstələrlə üzvi şəkildə təqdim olunub.

Gecənin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Azərbaycan
Jurnalistlər Birliyinin üzvü, Yasamal rayon MKS-nin direktoru
Lətifə Məmmədova olub. O, Elmira Axundovanın uzunillik və məhsuldar
fəaliyyətindən bəhs edərək bildirib ki, yazıçının bioqrafik
araşdırmaları və publisistikası ilə tanınan əsərlərində Ümummilli
Lider Heydər Əliyev və onun həyat yoldaşı, görkəmli alim Zərifə
Əliyeva, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban
Əliyeva, xalq yazıçıları İmran Qasımov, İsmayıl Şıxlı, Mirzə
İbrahimov, Natiq Rəsulzadə və Anar, şair-jurnalist Tahir Aslanlı,
dünya şöhrətli yazıçı Olcas Süleymenov, fotomüxbir, əməkdar
mədəniyyət işçisi Fərid Xayrulin, KVN komandasının kapitanı Anar
Məmmədxanlı, dünyada ilk və ən böyük Miniatür Kitab Muzeyinin
yaradıcısı Zərifə Salahova və digər tanınmış şəxslər yer alır. Onun
fəaliyyətində Azərbaycan klassiklərinin və müasir müəlliflərin
əsərlərinin rus dilinə bədii tərcümələri də xüsusi əhəmiyyət
daşıyır.




Elmira Axundovanın genişmiqyaslı tədqiqat və kitablarında əsas
fiqur daim Ulu Öndər Heydər Əliyev olub. Yazıçı onunla şəxsi
ünsiyyətdə olduğunu, xarici səfərlərdə müşayiət etdiyini və
dövlətçilik naminə fədakar fəaliyyətinin şahidi olduğunu
vurğulayıb. Heydər Əliyevə həsr olunan fundamental nəşrlər
silsiləsi tarixi şəxsiyyətin böyüklüyünü, daxili dünyasının
zənginliyini və yüksək mənəvi keyfiyyətlərini əks etdirir.

Tədbirdə fəxri qonaqlar – xalq yazıçısı Natiq Rəsulzadə, xalq
artisti Aleksandra Nikuşina və digər ziyalılar çıxış edərək Elmira
Axundovanın müasir ədəbiyyat və publisistikanın inkişafına verdiyi
töhfələrdən danışıblar. Gecə çərçivəsində yazıçının yaradıcılığına
həsr olunmuş videoçarx və şəxsi arxivi əsasında hazırlanmış virtual
fotoalbom nümayiş etdirilib.

Tədbirin sonunda Elmira Axundova iştirakçılara öz kitablarını
hədiyyə edib.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az.