Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Adva Zəfər
Muzey Kompleksində olub.

Trend xəbər verir
ki, Adva Zəfər Muzeyi 1896-cı il martın 1-də Adva döyüşündə İtaliya
işğalçıları üzərində qazanılan qələbəyə həsr olunan memorial
kompleksdir. Kompleks Əddis-Əbəbə şəhərinin mərkəzində, vaxtilə
ölkənin hər yerindən gələn efiopiyalıların Adva döyüşünə
yollanmazdan əvvəl toplandığı məkanda yerləşir. Bu tarixi hadisə
həm Efiopiya, həm də bütövlükdə Afrika qitəsi üçün xalqın azadlıq
uğrunda nümayiş etdirdiyi birlik və qətiyyəti simvollaşdıraraq
böyük əhəmiyyət kəsb edir. Sözügedən döyüşdə Efiopiya parlaq qələbə
qazanaraq öz müstəqilliyini qoruyub və Afrika tarixində
müstəmləkəyə çevrilməyən yeganə dövlət olub.

Memorialın girişində imperator II Menelik və imperatriçə Taytu
Bitulun, eləcə də həmin dövrdə orduya rəhbərlik etmiş 12 generalın
heykəlləri ucaldılıb.

Muzeydə pan-afrikaçılığa həsr olunan, Efiopiyanın digər Afrika
ölkələri və onların liderləri ilə əməkdaşlığını vurğulayan xüsusi
bölmə mövcuddur. Kompleksdə müxtəlif müasir və qədim sənət əsərləri
ilə yanaşı, həmin dövrə aid nadir artefaktlar – qalxanlar,
qılınclar, atıcı silahlar, sənədlər və digər tarixi relikviyalar
nümayiş olunur. Kompleksə sərgi salonlarından əlavə, amfiteatr,
kitabxanalar və gənclər mərkəzləri də daxildir.

XXX

Leyla Əliyeva Əddis-Əbəbənin ən böyük istirahət məkanı olan
“Dostluq” Parkını da ziyarət edib.

Parkın mərkəzindəki möhtəşəm musiqili fəvvarənin nümayişi
ətrafda sehrli bir atmosfer yaradıb. Azərbaycan xalq mahnılarının
həzin sədaları altında rəqs edən su damlaları, musiqinin akkordları
ilə harmoniya təşkil edərək zərif bir sənət əsərini xatırladıb.