
Ötən ilin noyabr ayında hava nəqliyyatı ilə sərnişin və yük daşımalarına tələbat illik ifadədə müvafiq olaraq 5,7 % və 5,5 % artıb.
“Report”un Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən verdiyi xəbərə görə, noyabrda yüklənmə əmsalı (PLF) 83,7 % (2024-cü ilin noyabr ayına nisbətən 0,3 faiz bəndi artıb) təşkil edib.
IATA-nın məlumatına görə, beynəlxalq sərnişin daşımalarına tələbat 2024-cü ilin noyabr ayı ilə müqayisədə 7,7 %, daşıma həcmi 7,1 % artıb, PLF isə 84 %-ə (+0,4 faiz bəndi) çatıb.
Bundan əlavə, daxili aviadaşımalara tələbat illik 2,7 % artıb, daşıma həcmi 2,7 % artıb, PLF isə 83,2 % (dəyişməyib) təşkil edib.
“Yeni ildə əsas prioritet aviadaşıyıcıların ehtiyaclarını ödəmək üçün istehsal həcmini artırmaq olmalıdır”, – IATA-nın baş direktoru Uilli Uolş qeyd edib.
2025-ci ilin noyabr ayında dünya üzrə sərnişindaşımaları bazarının strukturu aşağıdakı kimi bölünüb: Afrika – 2,2 %, Asiya-Sakit Okean regionu – 33,5 %, Avropa – 26,7 %, Latın Amerikası və Karib hövzəsi – 5,3 %, Yaxın Şərq – 9,4 %, Şimali Amerika – 22,9 %.
“Noyabrda yük aviadaşımalarına tələbat illik ifadədə 5,5 % artıb. Artım əsasən yük göndərənlərin bayram mövsümü ərəfəsində vaxtında çatdırılmanı təmin etmək istəyindən qaynaqlanıb. Ümumiyyətlə, dördüncü rüb seqment üçün dayanıqlı olub: ticarət marşrutlarının strateji baxımdan yenidən bölüşdürülməsi əsas bazarların dinamikasına əhəmiyyətli təsir göstərib. 2025-ci ilin uğurla başa çatması sənaye üçün yeni ilin əvvəlində müsbət zəmin yaradır”, – U.Uolş bildirib.
Ötən ilin noyabr ayında regionlar üzrə yük aviadaşımalarının bölgüsü aşağıdakı kimi olub: Afrika – 2 %, Asiya-Sakit Okean regionu – 34,3 %, Avropa – 21,5 %, Latın Amerikası və Karib hövzəsi – 2,9 %, Yaxın Şərq – 13,6 %, Şimali Amerika – 25,7 %.
“2025-ci ilin oktyabr ayında yük aviadaşımalarının həcmi əksər istiqamətlər üzrə artıb. Ən güclü artım Asiya daxilində baş verib. Asiya-Şimali Amerika marşrutu üzrə illik artım 1,8 % (bazar payı – 24,6 %) təşkil edib; Avropa-Asiya istiqaməti üzrə 11,7 % (20,4 %) artım qeydə alınıb. Yaxın Şərq-Avropa – 5,4 % (5,6 %) artım; Yaxın Şərq-Asiya – 11,1 % (7,3 %) artım; Asiya daxilində – 15,8 % (7 %) artım; Avropa daxilində – 4,9 % (2 %) azalma; Şimali Amerika-Avropa – 5 % (13,3 %) artım; Afrika-Asiya – 9,5 % (1,4 %) artım olub”, – məlumatda qeyd olunub.


