Avropa şirkətləri ATƏT-in Xəzər regionunda “yaşıl liman”ların inkişafı layihələrini həyata keçirəcək

Baş səhifə

Bakı.Trend:

Mühəndislik konsaltinqi, təftiş və sertifikasiya sahəsində
qlobal fəaliyyət göstərən “RINA” şirkəti və davamlı rəqəmsallaşma
və intermodal dəmir yolu əməliyyatları üzrə güclü ekspertizaya
malik, limanlar, terminallar və logistika sahəsində aparıcı
konsaltinq şirkəti olan “HPC Hamburg Port Consulting”, ATƏT-in
“Xəzər regionunda “yaşıl liman”ların inkişafına və əlaqəliliyin
artırılmasına dəstək” layihəsi çərçivəsində beşillik müqavilə əldə
edib.

Trend bu barədə
Almaniyanın liman-logistika şirkəti olan HHLA-ya (Hamburger Hafen
und Logistik AG) istinadla xəbər verir.

Qeyd olunur ki, ATƏT-in İqtisadi və Ekoloji Fəaliyyət üzrə
Əlaqələndirici Ofisi (OCEEA) “yaşıl liman”lar layihəsini Xəzər və
Qara dəniz hövzəsində yerləşən bir sıra limanlara – Bakı, Aktau və
Kurık, Türkmənbaşı və Batumi limanlarına – artan tranzit tələbatını
idarə etməyə kömək etmək və eyni zamanda dayanıqlılıq səviyyəsini
yüksəltmək məqsədilə işə salıb.

“Layihə nəqliyyat daşımalarının ekoloji izinin azaldılmasına
bərpa olunan enerji mənbələrinin tətbiqi, enerji səmərəliliyinin
artırılması, rəqəmsal innovasiyalar və əlaqəlilik
texnologiyalarının inkişafı, habelə iqlim üzrə tədbirlərin təşviqi
vasitəsilə nail olmağı hədəflənib”, – şirkət bildirir.

Həmçinin qeyd olunur ki, layihəyə gender bərabərliyinin təmin
olunmasına dair xüsusi komponent daxil edilib və bu, sözügedən
sahədə qadınların imkanlarının genişləndirilməsini nəzərdə
tutur.




Şirkətin məlumatına görə, layihənin üçüncü mərhələsi əvvəlki
mərhələlərin nəticələrinə əsaslanır və bərpa olunan energetikanın
inteqrasiyası, iqlim dayanıqlığı, rəqəmsal monitorinq sistemləri,
gender bərabərliyi və təlim istiqamətlərini əhatə edir (regional
əməkdaşlığın dəstəyi ilə).

Verilən məlumata əsasən, beşillik proqram müddətində “RINA” və “HPC” hər bir liman üçün aşağıkarbonlu əməliyyatlara və ekoloji
monitorinqə keçid üzrə fərdi analitik materialların və fəaliyyət
planlarının hazırlanmasına, pilot investisiyalar üçün texniki
spesifikasiyaların və institusional gücləndirmə tədbirlərinin
işlənib hazırlanmasına dəstək göstərəcək.

“Əsas iş istiqamətlərinə bərpa olunan enerji və iqlimə
adaptasiya üzrə texniki-iqtisadi əsaslandırmalar, ekoloji
monitorinq sistemlərinin və rəqəmsal həllərin dizaynı, gender
yönümlü siyasətlərin tətbiqi, eləcə də onlayn kursları aparıcı
Avropa limanlarına tədris səfəri ilə birləşdirən təlim proqramı
daxildir. Bu səylərin bir neçə ölkə arasında əlaqələndirilməsi
Azərbaycan, Qazaxıstan, Türkmənistan və Gürcüstan arasında
əməkdaşlığın güclənməsinə, milli liman strategiyalarının
uzlaşdırılmasına və Orta Dəhlizin dayanıqlılığının artırılmasına
töhfə verir”, – şirkətdə bildirilib.

Qeyd olunur ki, layihənin sonunda limanlar iqlim və enerji
keçidi üzrə yol xəritələri, pilot layihələr üçün texniki sənədlər
və dayanıqlı liman idarəçiliyi təcrübələrinin tətbiqi üçün
gücləndirilmiş institusional potensial əldə edəcəklər.

Vurğulanır ki, layihə həmçinin iştirakçı limanlar üçün
ölkələrarası əməkdaşlıq platforması yaradacaq ki, bu da bilik
mübadiləsini dəstəkləyəcək və “yaşıl” və rəqəmsal transformasiyanın
ümumi regional məqsəd olaraq qalmasını təmin edəcək.