Bakı. Trend:
Hazırda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti
nümayəndələri tərəfindən qurulan “Sülh körpüsü” dialoq platforması
təşəbbüsü çərçivəsində fəaliyyət davam etdirilir.
Bunu Trend-ə
açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad
Məmmədov deyib.
Mərkəz direktoru bildirib ki, hər iki tərəfdən olan qruplar öz
ölkələrində vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirir.
Eyni zamanda media üzərindən, müxtəlif media platformalarından
istifadə etməklə dialoqlar təşkil olunur.
“Bu il ərzində, xüsusilə ilin birinci yarısında bir neçə plan
nəzərdə tutulur. Bura elmi konfranslar, beynəlxalq tədbirlər
daxildir. Məsələn, bu il Azərbaycanda Ümumdünya Şəhərsalma
Forumunun (World Urban Forum) 13-cü sessiyası (WUF13), Ermənistanda
8-ci Avropa Siyasi Birliyi (European Political Community — EPC)
Sammiti keçiriləcək. Qarşı tərəf təşəbbüs irəli sürdüyü təqdirdə,
Azərbaycan Ermənistan numayəndələrinin WUF13-də iştiakı məsələsinə
baxacaq”.

F.Məmmədov vurğulayıb ki, planlar əsasən birgə fəaliyyətlə
bağlıdır. Digər tərəfdən, növbəti səfərlər də planlaşdırılır:
“Səfərlərin tarixləri iştirak edən nümayəndə heyətlərinin
proqramlarına uyğun şəkildə müəyyənləşdiriləcək. Qrupların tərkibi
dəyişkən ola bilər — beş, üç və ya dörd nəfərdən ibarət ola,
həmçinin yeni iştirakçılar da cəlb edilə bilər. Bu baxımdan hər
hansı bir məhdudiyyət mövcud deyil. Yaxın 4–5 ay ərzində növbəti
səfərlər və birgə fəaliyyətin şahidi olacağıq. Tədbirlərin
keçirildiyi məkanlar Azərbaycan və Ermənistan olacaq. Proses sırf
ikitərəfli xarakter daşıdığı üçün fəaliyyətlər əsasən bu iki ölkədə
reallaşdırılacaq”.
F.Məmmədov əlavə edib ki, bununla yanaşı, Azərbaycanda və
Ermənistanda keçirilən, “Sülh körpüsü” təşəbbüsünə birbaşa
aidiyyəti olmayan beynəlxalq tədbirlərdə də hər iki ölkənin
nümayəndələrinin iştirakı nəzərdə tutulur.
“Həm ekspertlər, həm də vətəndaş cəmiyyəti səviyyəsində səfərlər
nəzərdə tutulur. Qeyd olunan səfərlər birbaşa “Sülh körpüsü”
təşəbbüsü çərçivəsində olmasa da, beynəlxalq tədbirlərlə əlaqədar
olaraq Azərbaycan və Ermənistana səfərlər planlaşdırılır”, – deyə o
fikrini tamamlayıb.
Qeyd edək ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın
möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə
yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər
keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş
cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.
İlk görüş 21–22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş
tutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti
mühüm görüş 21–22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib
və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak
ediblər. Görüşlər zamanı gələcək birgə fəaliyyətlər, ictimai
dialoqun genişləndirilməsi və media üzərindən əlaqələrin
gücləndirilməsi məsələləri ön plana çıxıb.


