
Bakı. Trend:
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM)
Komitəsinin Daşkəsən şəhərində vətəndaşlarla ilin yekunlarına dair
görüşü keçirilib.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan
Abbasov, “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini,
QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev və “AzerGold”
QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini, “Daşkəsən Dəmir Filiz”
MMC-nin KSM Komitəsinin sədri İlqar Cəlilov iştirak edib.
Daşkəsən şəhəri, rayonun Quşçu, Çovdar, Bayan və digər
kəndlərinin sakinlərinin qatıldığı hesabat xarakterli tədbirdə
“AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC ilə Daşkəsən Rayon
İcra Hakimiyyətinin tərəfdaşlığı çərçivəsində 2025-ci il ərzində
icra edilən, 2026-cı ildə isə icrası planlaşdırılan sosial və
ekoloji layihələr barədə məlumat verilib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov sosial
layihələrin xüsusilə təhsil, məşğulluq və sosial infrastruktur
sahələrində müsbət nəticələr verdiyini diqqətə çatdırıb. O. Abbasov
layihələrin davamlı inkişaf prinsiplərinə uyğun olaraq icra
olunmasının region üçün uzunmüddətli faydalar yaratdığını
bildirib.
“AzerGold”un KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev Cəmiyyətin
dağ-mədən sənayesinin inkişafı istiqamətində həyata keçirdiyi
ardıcıl və məqsədyönlü fəaliyyətin rayonun iqtisadi
göstəricilərinin yüksəlməsinə, eləcə də orta aylıq əməkhaqqı
səviyyəsinə görə respublika üzrə ilk üçlükdə qərarlaşmasına mühüm
töhfə verdiyini bildirib. Əksəriyyəti ucqar kəndləri təmsil edən
756 nəfər Daşkəsən sakininin “AzerGold” QSC-nin fəaliyyət
istiqamətləri üzrə daimi işlə təmin olunduğu diqqətə
çatdırılıb.
Qeyd olunub ki, 2025-ci il ərzində Cəmiyyət tərəfindən Daşkəsən
rayonunda sosial rifahın gücləndirilməsi, təhsilin təşviqi, mədəni
maarifləndirmə, idmanın təbliği və s. istiqamətlərdə dövlət
siyasətinə əlavə töhfə vermək məqsədilə müxtəlif sosial layihələr
həyata keçirilib.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, 2026-cı ildə də
sosial məsuliyyətlilik prinsipləri əsasında təhsil, sağlamlıq,
inklüziv inkişaf, infrastruktur, kənd təsərrüfatının inkişafı,
fermer təsərrüfatlarına dəstək, ətraf mühitin mühafizəsi və digər
istiqamətlər üzrə layihələrin icrası davam etdiriləcək.
Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni
təşəbbüslər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşların
qaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilik
çərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Sonda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və
Yeni il bayramı münasibətilə “AzerGold” QSC adından görüş
iştirakçılarına səmimi bayram təbrikləri çatdırılıb.


