
Bakı.Trend:
AZCON Holding şirkətlərindən olan ASCO-nun Xəzərdənkənar sularda
istismar edilən “Qafur Məmmədov” quru yük gəmisi əsaslı təmir
olunub.
Trend xəbər
verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, İstanbulun Tuzla bölgəsində yerləşən Torlak
tərsanəsində həyata keçirilən təmir çərçivəsində gəminin növbəti 5
illik istisamarı üçün zəruri olan bütün işlər yerinə yetirilib.
Proses çərçivəsində gəminin baş mühərrikləri əsaslı təmir
edilib, iki ədəd köməkçi dizel generatoru isə qənaətcil və gəminin
faktiki elektrik enerjisi tələbatı nəzərə alınaraq yenisi ilə
əvəzlənib.
Bununla yanaşə, gəmidə mövcud olan digər maşın və mexanizmlərdə
tələb olunan təmir işləri yerinə yetirilib. Boru sistemlərində
borular dəyişdirilib, hərəkətverici vint-sükan qurğusu sökülərək,
zavod şəraitində təmir edildikdən sonra yenidən gəmiyə
quraşdırılıb. Bundan başqa, gəminin məişət fekal sistemləri və
çənləri yenilənib. MARPOL konvensiyasının VI Əlavəsinə uyğun olaraq
gəminin yanacaq sisteminə müvafiq dəyişikliklər edilib.
Heyətin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeməkxana
və kayutlarda təmir işləri aparılıb, məişət sistemləri və divar
panelləri yeniləri ilə əvəz olunub.
Eyni zamanda, quru yük gəmisinin sualtı hissəsində təmir işləri
icra edilib, dəyişdirilməsi tələb olunan hissələr dəyişdirilib,
gövdə hissəsi təmizlənib və boyanıb. Gəminin yük anbarlarında da
metal dəyişdirilməsi, eləcə də təmizləmə və boyama işləri
görülüb.
Qeyd edək ki, “Qafur Məmmədov” gəmisi 2017-ci ildən
Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin yükgötürmə
qabiliyyəti 5500 ton, uzunluğu 108, eni 16,5 metrdir.


