
Bakı. Trend:
ABŞ ilə BMT arasında Vaşinqtonun təşkilatın humanitar
proqramlarının maliyyələşdirilməsinə münasibətini dəyişən yeni
razılaşma imzalanıb.
Trend xəbər verir ki, bu
barədə ABŞ Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində
paylaşım edib.
O bildirib ki, ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına
səmərəsiz, anti-Amerika xarakterli və ya israfçı layihələrin
maliyyələşdirilməsinə yol verilməyəcək.
“Bu gün Dövlət Departamenti və BMT ABŞ-nin təşkilatın humanitar
fəaliyyətini necə planlaşdırması, maliyyələşdirməsi və nəzarətdə
saxlaması ilə bağlı dərin islahatları nəzərdə tutan saziş
imzalayıb. Bu dəyişikliklər sayəsində Amerika vergi ödəyicilərinin
daha az vəsaiti ilə daha çox insanın həyatı xilas oluna biləcək”, –
paylaşımda qeyd olunub.
ABŞ Dövlət katibinin sözlərinə görə, yeni yanaşma BMT-nin
humanitar fəaliyyətinin maliyyə yükünün digər inkişaf etmiş ölkələr
arasında daha ədalətli bölüşdürülməsinə imkan yaradacaq.
“Bu, BMT-dən həddindən artıq xərclərin azaldılmasını,
təkrarlanan mexanizmlərin aradan qaldırılmasını, eləcə də
səmərəlilik, hesabatlılıq və nəzarət üzrə yeni mexanizmlərin
tətbiqini tələb edir”, – Rubio əlavə edib.


