Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 5,2 milyard dolları ötüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Türkiyə arasında
ticarət əməliyyatlarının həcmi 5,200 milyard ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə
müqayisədə 424,3 milyon ABŞ dolları və ya 7,5% azdır.

Hesabat dövründə Türkiyə ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 11,66%-i həcmində olub. Bununla da
sözügedən ölkə hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 2-ci pillədə
qərarlaşıb.

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 3,076
milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 440 milyon ABŞ dolları və ya 12,5% azdır.
Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən çox məhsul
ixrac etdiyi ölkələr sırasında 2-cü pillədə qərarlaşıb.

Dövr ərzində Türkiyəyə ixrac edilən məhsulların 69 milyon ABŞ
dollarını bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsulları təşkil edib. Bu dəyərdə sözügedən məhsulun ixracının
həcmi isə 142,4 min ton təşkil edib. Beləliklə, ötən ilin eyni
dövrü ilə müqayisədə Azərbaycandan Türkiyəyə ixrac edilmiş bitumlu
süxurlardan alınmış xam neft və xam neft məhsullarının dəyəri 132,6
milyon ABŞ dolları və ya 2,9 dəfə, həcmi isə 227,2 min ton və yaxud
2,6 dəfə azalıb.




Bundan başqa, bu ilin ilk 11 ayında Türkiyəyə ixrac olunan
məhsulların 546,1 milyon manatını qeyri-neft məhsulları təşkil edib
ki, bu da illik müqayisədə 39 milyon dollar və ya 7,7% çoxdur.

Dövr ərzində Türkiyəyə qeyri-neft məhsulları ixracı ümumi ixraca
nisbətən 16,46% paya malik olub. Bu göstərici ilə Türkiyə
Azərbaycanın ən böyük qeyri-neft məhsulları alıcıları sırasında
2-ci pillədə qərarlaşıb.

Hesabat dövründə Türkiyədən Azərbaycana isə 2,125 milyard ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 0,7%
artım deməkdir. Bununla da hesabat dövründə Türkiyə Azərbaycanın ən
çox məhsul idxal etdiyi ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici
ölkələrlə 44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,480 milyard dollar və
ya 3,4% çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.