Oksford İnstitutu “Brent” nefti üzrə 2026-cı ilə olan proqnozlarını verib

Baş səhifə

Bakı. Trend:

2026-cı ildə “Brent” markalı neftin orta qiymətinin bir barel
üçün 65 dollar səviyyəsində olacağı gözlənilir. Bu göstərici
əvvəlki proqnozlarla müqayisədə dəyişməz qalır və 2025-ci il üçün
nəzərdə tutulan 69 dollar/barel qiymətindən aşağıdır. Buna səbəb
bazarda təklifin artıqlığı və mövsümi tələbin azalmasının
qiymətlərə təzyiq göstərməsidir.

Trend bu barədə
Oksford Enerji Araşdırmaları İnstitutuna (OIES) istinadən məlumat
verir.

Qeyd olunur ki, 2025-ci il ərzində “Brent” neftinin qiymətləri
aşağ düşüb: ilin əvvəlində 70 dolların üzərində olan qiymətlər
dekabrda təxminən 60 dollar/barel səviyyəsinə düşüb ki, bu da aylıq
göstəricilərə görə son beş ilin minimumuna yaxındır.

“Yüksək qeyri-müəyyənliyə və həddindən artıq qeyri-nikbin
gözləntilərin olmasına baxmayaraq, 2025-ci ildə “Brent” neftinin
orta qiyməti 69 dollar/barel səviyyəsində qiymətləndirilir ki, bu
da 2024-cü ilin orta göstəricisindən (80,7 dollar/barel) təxminən
12 dollar aşağıdır”, – deyə institutdan bildirilib.




OIES-in məlumatına əsasən, 2025-ci ilin sonuna doğru bazar
indikatorları ötən illə müqayisədə daha sərbəst tədarük strukturu
nümayiş etdirib. Fyüçers əyrisi yaxın illər üzrə daha düz forma
alıb, ən yaxın ticarət ayı üzrə spredlər isə 2024–2025-ci illər
aralığının aşağı həddində olub.

“Buna uyğun olaraq, bazarın zəif mövsümi tələbat fonunda kifayət
qədər təchizatla təmin olunacağı şəraitdə 2026-cı ilin birinci
yarısında “Brent” qiymətlərinin aşağı 60 dollar diapazonunda
qalacağını proqnozlaşdırırıq”, – OIES-də qeyd edilib.

Bununla belə, institutun qiymətləndirməsinə görə, qiymətlərin 60
dollardan aşağı enməsi ssenarisi də mümkündür, lakin bu proses
nəzarət altında olacaq. OPEK+ ölkələri və OPEK-ə daxil olmayan
dövlətlər tərəfindən təklif artımının yavaşlaması, dayanıqlı
iqtisadi artım və sabit neft tələbi, eləcə də müstəqil istehsal
güclərinin azalmasının 2026-cı ilin əvvəlində qiymətlər üçün
müəyyən “tavan” yaradacağı gözlənilir.

“Həmin amillər 2026-cı ilin birinci yarısında bir barel üçün
təxminən 60 dollar enişin buferi olmalıdır. Eyni zamanda, onlar
ilin ikinci yarısında tələb və təklif arasındakı uçurumun azalması
fonunda Brent qiymətlərini orta və yüksək 60 dollar səviyyəsində
dəstəkləməlidir”, – hesabatda vurğulanır.