“Virtual Qərbi Azərbaycan” ensiklopedik toplusu təqdim edilib

Baş səhifə

Bakı. Trend:

Bakıda “Virtual Qərbi Azərbaycan” ensiklopedik toplusunun
təqdimat mərasimi keçirilib.

Trend xəbər
verir ki, Strateji Kommunikasiyalar Mərkəzi tərəfindən hazırlanan
toplu ilkin mənbələr əsasında işlənilib.

Layihə çərçivəsində yaradılmış internet resursu 8 əsas bölmə, 34
başlıq və 55 alt başlıqdan ibarətdir. Resursda Qərbi Azərbaycanın
ən qədim dövrlərdən bu günədək təbii-coğrafi şəraiti, tarixi
coğrafiyası, arxeologiyası, etnoqrafiyası, siyasi, sosial-iqtisadi,
hərbi və mədəniyyət tarixinə dair məsələlər əhatəli şəkildə əks
etdirilib.




Layihədə bir məkan (şəhər, rayon və kənd) prinsipi əsasında
əraziyə dair bütün məlumatların asan və rahat şəkildə əldə olunması
imkanı yaranır.

Tədqiqat Qərbi Azərbaycan (indiki Ermənistan Respublikasının
ərazisinə aid hissə) üzrə Azərbaycan xalqına məxsus yaşayış
məntəqələrini, milli-mədəni irsə aid dini və tarixi abidələrin
mövcud vəziyyətini əhatə edir. Tədqiqat çar Rusiyası və SSRİ
dövrlərində erməni əhalisinin bu ərazilərə kütləvi şəkildə
köçürülərək yerləşdirilməsi siyasətini, yerli azərbaycanlı əhalinin
etnik təmizləmə, soyqırımı və deportasiyaya məruz qalması tarixini,
toponimlərin məqsədli şəkildə dəyişdirilməsini və ərazinin tarixi
coğrafiyasını əks etdirən xəritələrin təhlilini elmi əsaslarla
təqdim edir.