
Bakı. Trend:
Azərbaycanın beynəlxalq səviyyədə yüksək imicini
formalaşdıran amillərdən biri də respublikamızda idmanın inkişafı
və idmançılarımızın mötəbər yarışlardakı qələbələridir. Cənab
Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan
mərasimdəki çıxışı zamanı toxunduğu məsələlər, idmançılarımızın
nəticələri ilə bağlı diqqətə çatdırdığı göstəricilər bir daha
təsdiq etdi ki, Azərbaycan həm də idman dövləti kimi inkişaf edir
və tanınır.
Qeyd edim ki, Azərbaycanda hələ sovet dövründə idman ənənəsi
formalaşmışdı. O illərdə azərbaycanlı idmançılar həm fərdi, həm də
kollektiv idman növlərində ittifaq və beynəlxalq miqyasda böyük
nailiyyətlər qazanmışdılar, hər yerdə tanınırdılar. Lakin təəssüflə
qeyd edilməlidir ki, müstəqilliyimizin ilk illərində respublikamıza
rəhbərlik edənlərin laqeyd münasibəti digər sahələr kimi idman
sferasını da tənəzzülə uğratmış, böhrana səbəb olmuşdu. Bunun
nəticəsi kimi idman infrastrukturu sıradan çıxmış, perspektivli
idmançılarımız isə başqa dövlətlərin bayrağı altında çıxış etmək
məcburiyyətində qalmışdılar.
İdman sahəsində də vəziyyət yalnız Ulu Öndər Heydər Əliyevin
xalqımızın 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından
sonra dəyişdi. Ulu Öndərin müdrikcəsinə əsasını qoyduğu idman,
bədən tərbiyyəsi və gənclər siyasəti respublikamızın idman
həyatındakı tənəzzülü dayandırdı, müsbətə doğru dəyişikliyin
əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin sayəsində tezliklə
respublikamızda idman sahəsində mühüm uğurlar əldə olundu.
Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdən qızıl
medallarla qayıtmağa başladılar.
Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə
1997-ci ildə cənab İlham Əliyevin seçilməsi isə idman və bədən
tərbiyəsi sferasında həyata keçirilən dövlət siyasətini daha da
gücləndirərək, yeni şəraitdə reallaşmasına böyük imkanlar yaratdı.
Cənab İlham Əliyev MOK prezidenti kimi ölkədə idmanın və Olimpiya
hərəkatının inkişafı, Azərbaycanın beynəlxalq idman aləminə
inteqrasiyası ilə bağlı həyata keçirdiyi tədbirlər tezliklə öz
bəhrəsini verməyə başladı. Bu baxımdan Azərbaycanda idmanla bağlı
ən böyük həqiqətlərdən biri budur ki, cənab İlham Əliyevin 1997-ci
ildən MOK-a rəhbərlik etməsindən sonra ölkəmizdə idmanın inkişafı
yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Məhz bundan sonra
Azərbaycan idmançıları ilk dəfə olaraq Olimpiya Oyunlarında qızıl
medallar qazanıblar, respublikamızda idman infrastrukturunun
yenidən qurulması başlayıb. Hələ 2000-ci il Sidney Olimpiya
Oyunlarında qazanılan iki qızıl və bir bürünc medal respublikamızda
həyata keçirilən mütərəqqi idman siyasətindən xəbər verirdi.
Cənab İlham Əliyevin Azərbaycan Prezidenti kimi də diqqət
yetirdiyi məsələlər sırasında idmanın inkişafı, idman
infrastrukturunun yenilənməsi xüsusi yer tutur. Respublikamızda
demək olar ki, idmanın bütün növləri üzrə ən müasir idman
infrastrukturu yaradılıb. Bakıda və regionlarda 46 Olimpiya İdman
Kompleksi inşa olunub. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ən
mötəbər idman yarışlarının keçirilməsi üçün geniş imkanlar var.
İndiyə qədər respublikamız I Avropa Oyunları, IV İslam Həmrəyliyi
Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, UEFA Avropa Liqası
kimi mötəbər yarışlara mükəmməl şəkildə evsahibliyi edib. Artıq bir
neçə ildir ki, Bakıda bütün dünyada böyük maraqla qarşılanan və 500
milyon nəfərdən çox auditoriyası olan Formula 1 yarışları
keçirilir. Ən mühümü həm də odur ki, yalnız Bakıda deyil,
Azərbaycanın regionlarında da böyük idman yarışlarının keçirilməsi
üçün böyük imkanlar var.
Qeyd olunanlar Azərbaycanın idman ölkəsi kimi qlobal nüfuzunu
yüksəltməklə yanaşı, respublikamızda idmanın daha da
kütləviləşməsini və idmançılarımızın beynəlxalq yarışlarda mühüm
nailiyyətlər qazanmalarını şərtləndirmişdir.
Vətən müharibəsindəki zəfərimiz isə idmançılarımız qarşısında
yeni çağırışlar formalaşdırıb. Çünki indi onlar beynəlxalq
yarışlarda qalib dövlətin idmançıları kimi çıxış edirlər. Onlar həm
də döyüş meydanında qalib gələn əsgər və zabitlərimizin qələbə
yolunu idman meydanlarında davam etdirirlər. Prezident İlham
Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə
dediyi kimi bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə
idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Bəli, olduqca
qürurvericidir ki, idmançılarımız bu məsuliyyəti layiqincə
doğruldur, öz uğurları isə qələbə estafetini irəliyə aparırlar.
2025-ci il də Azərbaycan idmanı üçün əlamətdardır.
İdmançılarımız bu ili böyük nailiyyətlərlə başa vururlar. İl
ərzində beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən
çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Cənab
Prezident İlham Əliyevin dediyi kimi bu, bir daha onu göstərir ki,
idmanın inkişafı Azərbaycanda uğurla gedir.
O cümlədən, il ərzində respublikamız böyük idman hadisələrinə
çevrilən yarışlara evsahibliyi edib. Belə ki, bu il Bakıda növbəti
dəfə Formula 1 yarışı, eyni zamanda, ilk dəfə olaraq UFC üzrə
beynəlxalq turnir keçirilib. Məlum olduğu kimi UFC beynəlxalq
miqyasda izlənən ən populyar idman yarışları sırasında yer alır və
əsasən Amerikada və ya inkişaf etmiş digər ölkələrdə keçirilir. Həm
bu turnirin, həm də dünyada böyük maraqla qarşılanan və 500 milyon
nəfərdən çox auditoriyası olan Formula 1 yarışlarının Bakıda
keçirilməsi onu göstərir ki, Azərbaycan ən nüfuzlu yarışların
keçirildiyi ünvandır. Eyni zamanda, bu yarışlar təsdiq edir ki,
Azərbaycan əsl idman dövlətidir.
Bu il həmçinin, Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl
və Xankəndi şəhərlərində III MDB Oyunları keçirilib. Yüksək
təşkilatçılığı ilə yadda qalan III MDB Oyunları təsdiq etdi ki,
Azərbaycanın regionları, hətta işğaldan azad edilən şəhərlərimiz
böyük idman yarışlarına evsahibliyi etməyə qadirdir. Prezident
İlham Əliyevin bildirdiyi kimi MDB Oyunları bizim potensialımızı
göstərir:
«Bu ilin ölkəmizdə keçirilmiş əsas idman yarışı təbii
ki, MDB ölkələrinin üçüncü Oyunları olmuşdur. Oyunlar çox yüksək
səviyyədə keçirilmişdir. Bu Oyunların xüsusiyyəti ondan ibarət idi
ki, onlar bölgələrdə – bir neçə şəhərdə keçirilmişdir. Yəni bu,
özlüyündə bir göstəricidir. Təbii ki, Bakı şəhərində istənilən
idman yarışını keçirmək olar. Ancaq minlərlə xarici qonağın
iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları əlbəttə ki, bizim
potensialımızı göstərir».
Azərbaycan qarşıdakı dövrdə də mötəbər idman yarışlarına
evsahibliyi edəcək. Prezident İlham Əliyev bununla bağlı qeyd etdi
ki, gələn il respublikamızda Xizək üzrə Dünya Kuboku yarışı
keçiriləcək. Qusar rayonunda “Şahdağ” Turizm Mərkəzində keçiriləcək
bu tədbir Azərbaycanın idman tarixinin mühüm hadisəsi olacaq. Xizək
üzrə Dünya Kuboku respublikamızı qış idmanı növlərindən olan
xizəksürmənin ünvanlarından biri kimi tanıdacaq.
Azərbaycanın idman tarixi üçün mühüm hadisələrdən biri də
Bakının 2026-cı ildə “Dünya İdman Paytaxtı” elan olunmasıdır. Bu
titul rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bakının 2026-cı
il “Dünya İdman Paytaxtı” elan olunması respublikamızda idmanın
inkişafına verilən beynəlxalq qiymətdir.
2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı
Prezident İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya
Komitəsinin prezidenti kimi Azərbaycan idmanı ilə bağlı uğur
hesabatı idi. Eyni zamanda cənab Prezident İlham Əliyevin çıxışı
ondan xəbər verdi ki, idmanın inkişaf etdirilməsi Azərbaycanda
bundan sonra da dövlət siyasətinin prioritet istiqamətlərindən biri
olaraq qalacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı


