Axşam saatlarında yollarda buzlaşma riski artır – Yol Polisi xəbərdarlıq edir

Baş səhifə

Bakı. Trend:

Respublikanın bir sıra dağlıq və dağətəyi rayonlarında qarın
yağması və hava temperaturunun aşağı düşməsi nəticəsində yol
şəraiti mürəkkəbləşib. Xüsusilə axşam saatlarında temperaturun daha
da enməsi səbəbindən yol örtüyündə gizli buzlaşma ehtimalı artır
ki, bu da qəza riskini əhəmiyyətli dərəcədə yüksəldir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol
Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Bildirilib ki, Hərəkət iştirakçılarının mənzil başına təhlükəsiz
çatması üçün yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində
xidmət aparsa da, bəzi sürücülərin yola hazırlıqsız çıxması həm
onların özləri, həm də digər hərəkət iştirakçıları üçün ciddi
təhlükə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi axşam saatlarında yol şəraitinin
daha riskli olduğunu nəzərə alaraq sürücüləri:




* Səfərlərə çıxarkən axşam saatlarında yol şəraitinin daha
təhlükəli olduğunu unutmamağa;
* Qış mövsümünə uyğun təchiz edilməmiş, xüsusilə şinlərinin
protektor hündürlüyü normadan az olan, işıqlandırma və isitmə
sistemləri nasaz avtomobillərlə riskli istiqamətlər üzrə hərəkətdən
çəkinməyə;
* Körpülərdə, sərt döngələrdə, enişli-yoxuşlu və buzlaşmaya meyilli
yol sahələrində axşam saatlarında daha yüksək diqqət və ehtiyat
göstərməyə çağırır.

Sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə isə
gecə və axşam saatlarında mümkün qədər alternativ və daha
təhlükəsiz marşrutlardan istifadə etmələri tövsiyə olunur.

Əziz sürücülər!

Yollarda bir anlıq diqqətsizliyin ağır nəticələrə səbəb ola
biləcəyini bir daha xatırladır, gedəcəyiniz ünvana təhlükəsiz
çatmaq üçün verilən tövsiyələrə əməl etməyinizi xahiş edirik.