DYP dağlıq ərazilərdə hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş səhifə

Bakı. Trend:

Hazırda ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava
şəraitinin dəyişkənliyi, qar yağması, duman, eləcə də yolların buz
bağlaması müşahidə olunur. Mövcud hava və yol şəraiti həmin
istiqamətlərdə yol hərəkətinin təhlükəsizliyi baxımından əlavə
diqqət və məsuliyyət tələb edir.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol
Polisi İdarəsinin sürücülərə müraciətində qeyd olunub.

Baş Dövlət Yol Polisi İdarəsi həmin ərazilərdə gücləndirilmiş
rejimdə xidmət aparır və yol hərəkətinin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə nəzarət tədbirləri intensivləşdirilib.

Aparılan müşahidələr göstərir ki, qarlı və buzlu yol şəraitində
dağlıq ərazilərdə sürücülük təcrübəsi kifayət qədər olmayan
şəxslərin iştirakı ilə, xüsusilə mürəkkəb yol şəraitinə hazırlıqsız
sürücülər arasında yol-nəqliyyat hadisələrinə daha çox rast
gəlinir. Bu isə bir daha onu göstərir ki, dağlıq ərazilərə xas yol
və hava şəraitində avtomobil idarə etmək risklərin qabaqcadan
düzgün qiymətləndirilməsini, vəziyyətə uyğun qərar verməyi və
xüsusi təcrübə tələb edir.




Sürücülərin diqqətinə çatdırılır:

– Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti
barədə məlumat əldə edin;
– Nəqliyyat vasitəsinin texniki sazlığına xüsusi diqqət
yetirin;
Qarlı və buzlu yol sahələrində sürət həddini azaldın;
– Təhlükəsiz ara məsafəsini qoruyun;
– Qəfil manevr və kəskin əyləclərdən çəkinin;
– Mövsümə uyğun təkərlərdən istifadə edin;
– Dumanlı hava şəraitində işıq cihazlarından yol hərəkəti
qaydalarına uyğun istifadə edin;
– Mövcud hava və yol şəraitində sürücülük təcrübəsi kifayət qədər
olmayan sürücülərə, o cümlədən xanım sürücülərə dağlıq ərazilərdə
hərəkət zamanı daha ehtiyatlı olmaları, zərurət olmadıqda isə
səfərləri təxirə salmaları tövsiyə olunur.

Unutmayın: Yolda verilən hər bir qərar məsuliyyət tələb edir.
Mövcud şəraitə uyğun davranış həm sizin, həm də digər yol hərəkəti
iştirakçılarının təhlükəsizliyinin əsas təminatıdır.