Mərkəzi Afrika Respublikasında ümumi seçkilər BAŞLADI

Baş səhifə

Mərkəzi Afrika Respublikasında (MAR) ümumi seçkilərdə səsvermə başlayıb.

Modern.az-ın məlumatına görə, ölkədə təxminən 2,4 milyon vətəndaş səs vermək hüququna malikdir, onlar prezidenti, parlamentin deputatlarını və yerli hökumət nümayəndələrini seçəcəklər.

Ölkə üzrə 6 700 seçki məntəqəsi yaradılıb. Məntəqələr yerli vaxtla səhər saat 6:00-da (Bakı vaxtı ilə səhər saat 9:00) açılıb və axşam saat 18:00-a qədər (Bakı vaxtı ilə axşam saat 21:00) açıq qalması planlaşdırılır.

Prezidentlik uğrunda yeddi namizəd, o cümlədən 2016 və 2020-ci illərin seçkilərində qalib gələn hazırkı Prezident Fosten-Arkanje Tuadera mübarizə aparır. 2023-cü ilin yayında referendumla qəbul edilən yeni konstitusiya ona üçüncü müddətə namizəd olmaq hüququ verib. Prezidentlik müddəti yeddi ildir. Əgər heç bir namizəd birinci turda 50+1 % səs toplaya bilməsə, ikinci tur keçiriləcək.

Ekspertlər hesab edirlər ki, sol mərkəzçi “Birləşmiş Ürəklər Hərəkatı” (DOS) Partiyasından namizədliyini irəli sürən Tuaderanın qalib gəlmək şansı daha yüksəkdir. Onun əsas rəqibləri keçmiş baş nazirlər Anise-Jorj Doloqele (1999-2001) və Anri-Mari Dondradır (2021-2022).