Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Baş səhifə
Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Qazaxda fəaliyyəti qanunsuz olaraq bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dayandırılıb.

FHN-dən “Report”a verilən məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Lakin sonradan pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxil olmuş məlumata əsasən, Agentliyin müfəttişləri tərəfindən həmin ünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb.

Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkar edilmiş pozuntuların göstərilən müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıq edilib.

Qazaxda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb