Azərbaycanda yeni rəqəmsal kitabxana istifadəyə veriləcək – RƏSMİ

Baş səhifə

Bakı. Trend:

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Milli
Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanası,
C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Respublika Gözdən
Əlillər Kitabxanası və 75 mərkəzləşdirilmiş kitabxana sistemi
fəaliyyət göstərir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin sistemində mövcud olan kitabxanaların
fondunda ümumilikdə 19 milyondan çox kitab var:

“Nazirlik tərəfindən kitabxana fondlarının yenilənməsi və kitab
sənayesi subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə hər
il “Nəşrlərin satın alınması” müsabiqəsi təşkil olunur və
mütəxəssislərdən ibarət müvafiq komissiyanın qərarı ilə yüksək
bədii-estetik məzmuna və keyfiyyətə malik kitabların satınalınması
həyata keçirilir. Artıq ənənə halını almış bu proses son illər daha
da genişləndirilib və 2023-cü ildə 546 adda, 41.098 nüsxə, 2024-cü
ildə 572 adda, 49.105 nüsxə, 2025-ci ildə isə 534 adda, 65.450
nüsxə, ümumilikdə isə son üç ildə 1.652 adda 155.653 nüsxə kitab
satın alınıb”.

2025-ci ildə kitabxana-biblioqrafiya proseslərinin
rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş kitabxana
sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana – İdarəetmə
Sistemi) proqramı tətbiq olunub

Qeyd edilib ki, 2025-ci il ərzində kitabxana-biblioqrafiya
proseslərinin rəqəmsallaşdırılması ilə əlaqədar mərkəzləşdirilmiş
kitabxana sistemlərində KOHA (Avtomatlaşdırılmış Kitabxana –
İdarəetmə Sistemi) proqramı tətbiq olunub, 850 000-dən çox kitabın
biblioqrafik məlumatı elektron kataloqa daxil edilib:

“Hazırda KOHA proqramına inteqrasiya olunmuş mobil elektron
kitabxana tətbiqinin ictimai istifadəyə verilməsi üzərində iş
aparılır”.

Nazirlik kitab satınalması və onun həyata keçirilmə meyarları
haqqında da məlumat verib. Bildirilib ki, Nəşr Planının Tərtibi və
Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin nəşr planının tərtibini və
“Nəşrlərin satın alınması müsabiqəsi”nin təşkilini həyata keçirmək
məqsədilə yaradılır:

“Komissiyanın tərkibi mədəniyyət, elm, ədəbiyyat, təhsil və
digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə
təşkil olunur. Xarici nəşrlərin satınalınması zamanı Komissiyanın
iclasında kitabxana və nəşriyyat sahələri üzrə digər mütəxəssislər
məşvərətçi səslə iştirak edərək, təkliflərlə çıxış edə bilərlər.
Hər ilin yanvar ayında Komissiya tərəfindən son bir il ərzində
təqdim olunmuş əlyazmalar və nəzərdə tutulan dövlət sifarişləri
əsasında cari il üzə nəşr planı tərtib olunur”.




Nəşr planı üçün prioritet mövzular və istiqamətlər
aşağıdakılardır:

Dövlət ehtiyaclarını təmin etmək üçün nəzərdə tutulan nəşrlər;
mədəniyyət sahəsində elmi tədqiqatların nəticələrinə dair əsərlər;
yüksək bədii dəyərə malik ədəbi əsərlər; milli adət və ənənələr,
bayramlar, tarixi rəmzlər və toponimlər barədə əsərlər; Azərbaycan
etnoqrafiyası və folkloru barədə əsərlər; milli mədəni irsə və
milli kulinariyaya aid əsərlər; Ermənistanın Azərbaycana qarşı
təcavüzünün mədəniyyət sahəsinə vurduğu ziyanlar, Qarabağda
törədilmiş vandalizm aktları barədə tədqiqat əsərləri; Vətən
müharibəsinə aid yüksək məzmuna malik əsərlər; uşaq musiqi,
incəsənət və rəssamlıq məktəbləri üçün dərsliklər, metodik
vəsaitlər və digər nəşrlər; görkəmli ədəbiyyat, incəsənət və
ictimai xadimlərin əsərləri və onlar haqqında araşdırmalar,
monoqrafiyalar və memuarlar; mədəni sərvətlərin müxtəlif
istiqamətləri üzrə yeni məzmuna malik əsərlər.

Qeyd edilib ki, əlyazmaların nəşr planına daxil edilməsinə
Nazirliyə təqdim olunan müraciətlər əsasında baxılır:

“Komissiya tərəfindən hər ilin fevral ayında “Nəşrlərin
satınalınması müsabiqəsi” (bundan sonra – Müsabiqə) təşkil edilir.
Müsabiqənin keçirilməsi barədə Nazirliyin rəsmi saytında və digər
kütləvi informasiya vasitələrində elan verilir. Elanda Müsabiqədə
iştirakla bağlı müəyyən olunmuş şərtlər göstərilir. Nəşrlər
Müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Komissiyaya
təqdim olunmalıdır. Müsabiqə üçün müəyyən edilmiş müddət başa
çatdıqdan sonra təqdim olunan nəşrlər qəbul edilmir.

Məzmun və poliqrafik baxımdan qüsurlu, ümumi tirajı 300-dən
aşağı (iki və daha çox cildli olduqda hər cildin tirajı 300-dən
aşağı) olan nəşrlərin satınalınmasına yol verilmir”.

Əlyazmaların satınalınmasında nüsxə sayı, müəlliflik
hüququ və keyfiyyət məsələlərinə xüsusi diqqət
yetirilir

“Müsabiqədə Azərbaycan Respublikasının ərazisində olan və (və
ya) fəaliyyət göstərən nəşriyyatlar, jurnal redaksiyaları,
nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələri, digər
hüquqi şəxslər və müəlliflər (müəlliflik hüququ sahibləri) iştirak
edə bilərlər. Müsabiqədə iştirak etmək istəyən müəlliflər
(müəlliflik hüququ sahibləri) vergi ödəyicisinin eyniləşdirmə
nömrəsinə sahib olmalı və ya müəllifi (müəlliflik hüququ sahibi)
olduqları nəşrləri çap olunduğu nəşriyyatlar vasitəsilə təqdim
etməlidir”, – qurumdan vurğulanıb.

Nazirlik əsərlərin alınması zamanı qonorar məsələsinə də
aydınlıq gətirib. Bildirilib ki, yalnız Nazirliyin sifarişi ilə
hazırlanan əsərlər üçün müəlliflərə qonorar ödənilir:

“Nazirliyin dəstəyi ilə çap olunan əlyazmalar üçün qonorar
nəzərdə tutulmur”.