Bakı. Trend:
Dəniz robototexnikası sahəsində fəaliyyət göstərən ABŞ-ın
“Clippership” şirkəti külək enerjisi ilə hərəkət edən, uzunluğu 24
metr olan avtonom yük gəmisinin hazırlanmasını yekunlaşdırmaq
üzrədir.
Trend xəbər verir
ki, gəmi karbon kompozitindən hazırlanmış iki qatlanan sərt qanadla
təchiz olunacaq. Bu qanadlar ənənəvi parça yelkənlərlə müqayisədə
iki dəfə daha səmərəli işləyəcək. Gəmi minimal insan iştirakı ilə
transatlantik keçidlər üçün nəzərdə tutulub.
“Clippership” gəminin layihəsini gəmi memarlığı sahəsində
tanınmış mütəxəssislər olan “Dykstra Naval Architects” və “Glosten”
ilə birgə hazırlayır. Təməlqoyma və tikinti işləri üçün Niderlandın
“KM Yachtbuilders” gəmiqayırma zavodu ilə müqavilə bağlanıb. Layihə
dənizçilik üzrə müvafiq nəzarətedici təşkilatlar tərəfindən
təsdiqlənib və gəmi Malta bayrağı altında istismara veriləcək. Suya
buraxılma 2026-cı ilin sonuna planlaşdırılır və bundan sonra
Atlantik okeanında genişmiqyaslı sınaqlara başlanacaq.
Gəminin yük anbarı 75 avropaletin yerləşdirilməsinə hesablanıb.
Layihənin əsas məqsədi külək enerjisindən istifadə etməklə dəniz
daşımaları zamanı tullantıları azaltmaq, həmçinin avtonom gəmilərin
səmərəliliyini və etibarlılığını artırmaqdır. Bu yanaşma, ənənəvi
konteyner gəmilərinin iqtisadi baxımdan daha az səmərəli olduğu
kiçik həcmli yüklər üçün dayanıqlı logistika istiqamətində mühüm
addım hesab olunur.

